Prezdent ekstremal şəraitdə iki düşmənə qarşı döyüşdü və qalib gəldi – Fəzail Ağamalı

“Cənab Prezidentin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə pandemiya ilə mübarizədə qazandığımız uğurlarla bağlı söylədiyi fikirlər həqiqəti özündə tamamilə ehtiva edir. Bütün dünyanı bürüyən bu bəladan az itki verməklə çıxmaq üçün dövlət başçısı səviyyəsində ilk gündən olduqca məsuliyyətli və ciddi addımlar atılmağa başlandı”.

Bunu AKTUAL TV -yə açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib. Millət vəkili bildirib ki, pandemiya ilə mübarizədə ilk növbədə kütləvi xarakter daşıyan tədbirlər təxirə salındı:

“Məktəblər müvəqqəti olaraq bağlanıldı. Eyni zamanda, xaricdən gələn və xaricə gedən, virusun yayılması üçün geniş imkanlar yaradan nəqliyyat məhdudiyyətləri də həyata keçirildi. İlk olaraq İran İslam Respublikası, daha sonra Gürcüstanla sərhədlər qapadıldı. Eyni şəkildə dünyanın ayrı-ayrı yerləri ilə Azərbaycanı bağlayan hava yolları da məhdudiyyət qoyuldu. Sonradan bu tamamilə dayandırıldı. Bundan sonra Operativ Qərargah yaradıldı. Ölkənin bütün müvafiq strukturlarının fəaliyyəti bura cəlb olundu. Onlar vahid mərkəzdən koordinasiya edildi. Beləliklə, pandemiyanın ilk mərhələsi – sentyabra, payıza qədər – cilovlandı. Biz bunun öhdəsindən gəldik”.

Millət vəkili deyib ki, bu mərhələdə xüsusilə həkimlərimiz, tibb işçilərimiz böyük fədakarlıqlar göstərdilər: “Onlar öz həyatlarını qurban verdilər. Allah koronavirusla mübarizədə həyatını qurban verən həkimlərimizə rəhmət etsin. Fədakar həkimlərin də hər birinə dərin təşəkkürümüz var. Bununla bərabər, Daxili İşlər Nazirliyinin də bu istiqamətdəki əməyi xüsusi qeyd olunmalıdır. Polis, daxili qoşunlar gecə-gündüz, soyuq və istiyə baxmadan onların qarşısına qoyulan vəzifələrin öhdəsindən ayrı-ayrı istisnaları çıxmaqla, çox böyük uğurla gəldi. Onlar bu prosesdə öz rollarını oynadılar. Mən deyərdim ki, virusun geniş miqyas almamasında onların əməyi yüksək qiymətləndirilməlidir. Onlar buna layiqdirlər”.

Ana Vətən Partiyasının sədri deyib ki, birinci mərhələdən sonra müharibə başlandı və bu fərqli bir durum idi:

“Bir tərəfdə müharibə – silahlı qüvvələrimizin, igidlərimizin işğalçı Ermənistan ordusuna qarşı göstərdiyi igid və qəhrəmanlıq, digər tərəfdə cənab Prezidentin günün 24 saatının 20 saatını bu işə həsr etməsi hiss olunurdu. Məhz Prezident çox böyük enerji, əhval-ruhiyyə, pozitiv hisslərlə, qətiyyətlə, Ali Baş Komandan kimi müharibəyə rəhbərlik etdi. Bütün bunları həyata keçirmək üçün insan sutka ərzində ən azı 20 saatını sərf etməlidir. Prezident bunu da, pandemiyanı da, eyni zamanda, digər məsələləri də yaddan çıxarmırdı. Bütün bunları nəzarətdə saxlamaq, virusun geniş yayılmasına imkan verməmək üçün həkimlər, tibbi personal öz fədakarlıqlarını göstərirdilər. Baxın, bir tərəfdə ermənilərə qarşı aparılan müharibədə üstünlük əldə etmək, bu işdə fəaliyyəti tənzimləmək, eyni zamanda, ölkənin daxilində asayişi və milli təhlükəsizliyi təmin etmək üçün Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Komitəsinin gördüyü işlər alqışalayiqdir. Müharibə bitəndən sonra insanlarımız, gənclərimiz qələbə sevincini toplum şəklində qeyd etdilər. Bu da təbii olaraq virusun miqyasını bir qədər artırdı. Əslində oktyabr ayından belə bir vəziyyət əmələ gəlmişdi. Son üç ayda getdikcə artan, geniş yayılan virusa yoluxma halları yanvarın ilk on günü ərzində demək olar ki, tamamilə məhdudlaşıb. Yoluxma halları 5 mindən bu gün 400-500-ə düşüb. Tamamilə əminəm ki, qoyulan qadağalar və görülən önləyici tədbirlər virusun getdikcə daha da artmasının qarşısını alacaq. Onun yayılmasına imkan verməyəcək. Onu tamamilə minimuma endirib, yox edəcək”.

Millət vəkilinin fikrincə, həmin dövrdə bizdə virusa yoluxanların sayı başqa ölkələrlə müqayisədə artsa da, ölənlərin sayında bu artım olmadı: “Yəni ölənlərin sayı otuzdan, qırxdan yuxarı çıxmadı. Bunun özü də bir göstəricidir. Deməli, sadalamış olduğum bu faktlarla bir daha bildirmək istəyirəm ki, ölkə Prezdenti ekstremal şəraitdə iki düşmənə qarşı döyüşdü. Onlardan biri görünməyən, böyük fəlakətlər doğuran virusa, pandemiyaya qarşı, digəri isə Vətən Müharibəsində erməni vandalizminə, işğalçılığına qarşı idi. Barbar, vəhşi ölkəni məğlub etməklə torpaqlarımızı işğaldan azad etməklə, böyük bir tarixi yazmağa rəhbərlik etdi. Ona görə də mən tamamilə əminəm ki, vətəndaşlarımız cənab Prezidentin, eyni zamanda, Operativ Qərargahın çağırışlarına daha ciddi şəkildə əməl edəcəklər”.

Fəzail Ağamalının sözlərinə görə, virusdan qorunmaq üçün üç şərt var: “Bunlar tibbi maska, sosial məsafə və təmizliyin, gigyenanın gözlənilməsidir. Bu üç qızıl şərtə lənətə gəlmiş virus yer üzündən silinənə qədər əməl etməliyik. Biz indi vaksin də gözləyirik. Vaksin gələn kimi hər birimiz ona inamla yanaşmalıyıq. Hər hansı bir tərəddüdə ehtiyac yoxdur. Çünki bu vaksinlər dünya miqyasında sınaqdan çıxır. Bizim kimi ölkələr tərəfindən alınır. Eyni zamanda, Azərbaycan dövləti, Operativ Qərargah dünyada ən çox etibarlı olan vaksinlərin alınmasına üstünlük verir. Çində istehsal olunan vaksinin ölkəmizə gəlişi gözlənilir. Mən hər bir vətəndaşımızı çox böyük məmnuniyyət və cəsarətlə bu vaksindən istifadə etməyə səsləyirəm. Eləcə də yuxarıda qeyd etdiyim üç qızıl şərtə əməl etməsini xahiş edirəm”.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]