FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov məhkəmə nəzarəti altında sərbəst buraxıla bilər.
AKTUAL TV “Habertürk”ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu Mənsimovun məhkəmə nəzarəti altında sərbəst buraxılmasını istəyib.
Qeyd edək ki, M.Mənsimovun məhkəmə prosesi martın 5-də keçiriləcək.
Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən bu ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.
Mübariz Mənsimov ilk gündən bu ittihamların hamısını rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bəyan edir. O, həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.
Mübariz Mənsimov onu da vurğulayıb ki, özü və rəhbərlik etdiyi “Palmali” şirkəti hər zaman Azərbaycanın və Türkiyənin dövlətçiliyini dəstəkləyib və dəstəkləyəcək. “Palmali” şirkətinin qurucusu həmişə bəyan edib ki, hüquqi dövlətdə yaşayır və Türkiyədə hər şeyin qanun çərçivəsində həll olunduğunu dərk edir. Bu səbəbdən Mübariz Mənsimov bir daha bildirib ki, Türk ədalətinin düzgün qərar verəcəyinə əmindir.










