Xəbər verdiyimiz kimi, bu gün İstanbul Ədliyyə Sarayında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.
AKTUAL TV xəbər verir ki, məhkəmə prosesində şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.
Qərara əsasən, Mübariz Mənsimov məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.
Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən bu ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.
Mübariz Mənsimov ilk gündən bu ittihamların hamısını rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bəyan edir. O, həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.










