Nəyə görə Maliyyə nazirliyi Qhtləri maliyyəsiz saxlayır?

““Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilmişdir”. Bu, hansısa dərslikdən yox, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci ildə imzaladığı “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” sərəncamın preambulasındakı cümlələrdən biridir. Həmin sərəncamın 5-ci bəndində isə deyilir ki, “Milli Fəaliyyət Proqramında göstərilən icra orqanlarına tapşırılsın ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etsinlər”. Cəmi bir sərəncamda vətəndaş cəmiyyətinin əhəmiyyətinin yüksək dərəcədə vurğulanması, onun yeri və rolunun qeyd olunması demokratik dəyərlərə sadiqliyin təzahürüdür. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti “Vətəndaş cəmiyyəti” institutunun inkişafına, möhkəmləndirilməsinə, ictimai nəzarət proseslərinə daha aktiv cəlb olunmasına xüsusi önəm verib və bunu hər zaman diqqət mərkəzində saxlayıb.

Vətəndaş cəmiyyətinin aparıcı qüvvələri kimdir? QHT-lər. Gördünüz, cənab Prezidentin QHT-lərə verdiyi qiyməti. Belə olan halda, kimsə mənə izah edə bilər Maliyyə nazirliyinin tutduğu mövqeni?

Bu statusu FB profilimdə yerləşdirdiyim an Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərmanın imzalanmasından düz 4 ay 6 gün keçir. Lakin Agentliyin fəaliyyəti ilə əlaqədar xəbər yoxdur, maliyyəsiz qalan QHT-lər isə heç bir iş görə bilmir.

Təkrar edirəm! Fərmanın imzalanmasından 4 aydan çox vaxt ötür. Ortada real iş yoxdur. İş olsa idi, nəticə olardı. Nəticə olsa idi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi də, QHT-lər də fəaliyyət göstərərdi. İndi biz bu anlaşılmaz, səbəbsiz, bağışlana bilməyəcək fəaliyyətsizliyin səbəbini kimdən soruşmalıyıq: Nazirlər Kabinetindən, yoxsa Maliyyə nazirliyindən?

Bildiyimə görə, fərmanın 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti:
– 3 ay müddətinə Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydasını təsdiq etməli idi;
– 2 ay müddətinə qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini təsdiq etməli idi;
– 1 ay müddətində Agentliyin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etməli idi.
Bu işlərlə yanaşı Maliyyə Nazirliyi maliyyə fəaliyyətini aktivləşidirməli idi, çünki 2021-ci il dövlət büdcəsində QHT-lərin fəaliyyətinin dəstəklənməsi üçün təqribən 4-5 milyon manat vəsait ayrılmışdır. Bu vəsait bu günə kimi istifadə olunmayıb. Nəyə görə? Maliyyə nazirliyi bu mövqeyini izah etməlidir.

Dövlət başçısının QHT-lərin fəaliyyətinə verdiyi yüksək qiymətin fonunda maliyyə nazirliyinin sərgilədiyi fəaliyyətsizlik qəti şəkildə qəbuledilməzdir. Azərbaycan demokratik dəyərlərə sadiqdir və vətəndaş cəmiyyətinin gücləndirilməsi bu dəyərlərə sədaqətin bariz nümunəsidir. Maliyyə nazirliyinə heç kim səlahiyyət verməyib ki, QHT-lərin inkişafı üçün ayrılan vəsaiti istifadəsiz saxlasın.

QHT-lər yalnız qrant müsabiqələrdə iştirak etmir. Biz bütün sahələrdə varıq. Mövcudluğumuzu qorumaq, demokratik quruluşun əsas elementlərindən biri olan ictimai nəzarət mexanizmini layiqli şəkildə həyata keçirməyimiz üçün müxtəlif xərclərin qarşılanması labüddür. Maliyyə nazirliyi isə öz fəaliyyətsizliyi və dövlət büdcəsindən QHT-lərə ayrılan vəsaiti istifadəsiz saxlamaqla buna imkan vermir.

Nəyə görə?

Büllur Məmmədova
Mədəniyyətin və Milli Ənənələrin Təbliği ictimai birliyinin sədri.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]