Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına gedəcək – Başqa yolu YOXDUR!

İsveçin paytaxtı Stokholm şəhərində keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutmadı. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında görüşün reallaşmamasının səbəbləri açıqlandı. Qeyd olundu ki, Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclasından öncə Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün keçirilməsi təklifi ilə çıxış ediblər.

Lakin nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfinin təxribatı baş verib. Ermənistan parlament üzvlərinin Xankəndinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayılıb. Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etməyib:

“Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir”. Daha sonra açıqlama verən Minsk qrupunun həmsədrləri Stokholmda xarici işlər nazirlərinin görüşünün baş tutmamasından təəssüfləndiklərini deyiblər. Vasitəçilər növbəti görüşə çağırış edərək tərəfləri bir araya gətirməyə hazır olduqlarını söyləyiblər:

“Sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə başlanmış müzakirələrin davam etdirilməsi vacibdir”.

XİN rəhbərlərinin görüşü ilə bağlı həmsədrlərin canfəşanlığını “Şərq”ə təhlil edən Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib ki, Minsk qrupunun təşəbbüsü ilə təmasların baş tutmaması Bakının ziyanına yox, xeyrinədir. Politoloqa görə, Soçi görüşündən sonra proseslər Azərbaycanın lehinə cərəyan edir:

“26 noyabrda Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Soçi Bəyannaməsi icra olunacaq.

İrəvan nə qədər boyun qaçırsa da, Zəngəzur dəhlizini qəbul etmədiklərini elan etsələr də, Ermənistanın Kremlin tələblərinə boyun əyməkdən başqa çarəsi yoxdur.

Nikol Paşinyanın ötən həftə keçirdiyi qapalı iclasda dəhlizin açılmasının vacib olduğunu xüsusi qeyd etməsi də bunu göstərir.

Hazırda İrəvanla Bakı arasında konfedensial danışıqların getdiyi göz önündədir. Məhz ona görə də Azərbaycan tərəfi 10 erməni hərbçini Ermənistana verdi. Ermənilərin mina xəritələri ilə dəyişdirildiyi qeyd edilsə də, pərdə arxasında Azərbaycanın lehinə gedişlər və razılaşmalar gedir. Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına gedəcək. Artıq Brüsseldə keçiriləcək görüşə də ehtiyac qalmayıb.

Böyük ehtimal ki, erməni lobbisi Brüssel görüşündən yararlanaraq, prosesi pozmağa, Minsk qrupunun “önəmini” yenidən qabartmağa çalışacaq.

İndiki məqamda belə məsələlər Azərbaycan üçün faydasızdır. Bu mənada Stokholmda Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşünün alınmaması bizim üçün müsbətdir. Minsk qrupunun prosesdə yer almamasına çalışmalıyıq.

Ermənistan tərəfi fərqindədir ki, öhdəliklərə əməl etməyəcəyi təqdirdə, ciddi hərbi təzyiqlərə məruz qalacaq. O səbəbdən Minsk qrupundan özünə “qalxan” düzəltməyə çalışır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]