FHN vətəndaşlara müraciət etdi

Azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarında aidiyyəti dövlət qurumları ilə yanaşı Fövqəladə Hallar Nazirliyi də bilavasitə iştirak edir.

FHN-dən verilən məlumata görə, ötən müddət ərzində dövlət qurumlarının əlaqəli fəaliyyəti sayəsində böyük ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, bu ərazilərdə hal-hazırda yenidənqurma və quruculuq işləri sürətlə davam etdirilir. Həyata keçirilən tədbirlər həmin ərazilərin əsl sahibləri olan soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacağı günü daha da yaxınlaşdırır.

“Bununla belə, hələ də işğaldan azad olunmuş ərazilərdə böyük həcmdə mina və partlamamış hərbi sursatlar qalmaqdadır və hazırda aidiyyəti dövlət strukturları, o cümlədən Fövqəladə Hallar Nazirliyi bu təhlükənin tam aradan qaldırılması istiqamətində əlaqəli şəkildə fəaliyyətlərini fasiləsiz olaraq davam etdirirlər. Bununla bağlı səbr, təmkin göstərən, hər şeydən vacib olan təhlükəsizlik məsələlərinə anlayışla yanaşaraq dövlətin müəyyən etdiyi qaydalara diqqət və hörmətlə yanaşaraq işğaldan azad olunmuş ərazilərə qeyri-qanuni səfərlərdən çəkinən hər bir vətəndaşımıza təşəkkür edirik.

Təəssüflə qeyd edirik ki, mina və partlamamış hərbi sursatlarla yanaşı, işğaldan azad olunmuş ərazilərdə mənfur düşmən tərəfindən kustar üsulla hazırlanmış çoxsaylı partlayış təhlükəli əşyalara da rast gəlinir. Belə ki, müxtəlif təyinatlı və fərqli əşyaların (məişət, təsərrüfat əşyaları, uşaq oyuncaqları və s.) içərisinə yerləşdirilmiş partlayıcı maddələr kiçik toxunuşla böyük faciələrə yol aça bilir. Bu tip əşyaların ən böyük təhlükəsi isə onların xarici görünüş baxımından aldadıcı olması, bir çox hallarda uşaqlar üçün cəlbedici və maraqlı görünməsidir. Müxtəlif meteroloji amillərin təsiri nəticəsində, o cümlədən lokal sel və daşqınların gətirməsi ilə belə əşyalara işğaldan azad olunmuş ərazilərə yaxın yaşayış məntəqələrinin ətrafında da rast gəlinir.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi işğaldan azad olunmuş ərazilərə yaxın yaşayış məntəqələrində yaşayan vətəndaşlarımıza müraciət edərək, rast gəlinən hər hansı yad, naməlum əşyaya toxunmadan dərhal Fövqəladə Hallar Nazirliyinin “112” və ya Daxili İşlər Nazirliyinin “102” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir. Xüsusilə uşaqların nəzarətsiz qoyulmaması, göstərilən məsələlərlə bağlı onlarla ailə daxilində daim maarifləndirici söhbətlərin aparılması təhlükəsizliyin təmin olunmasına mühüm töhfədir“ – məlumatda deyilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]