Ermənistana verilən açıq və gizli dəstəyin fərqindəyik – NƏ BAŞ VERİR?

ABŞ dövlət katibi Entoni Blinken, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici siyasət idarəsinin rəhbəri Jan-İv Le Drian ATƏT-in Minsk qrupunun yenidən aktivləşməsini və prosesdə yaxından iştirakını istəyiblər. Vurğulayıblar ki, hər üç dövlət Ermənistanla Azərbaycan arasında birbaşa dialoqun Minsk qrupu vasitəsilə yenilənməsini dəstəkləyir.

Həmsədr ölkələr tərəfləri sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə keçirilmiş görüşlərlə başlamış xarici işlər nazirləri səviyyəsində dialoqu davam etdirməyə çağırıblar. Eləcə də regionda davamlı sülhü təşviq etmək üçün təmasları dövlət başçıları səviyyəsində davam etdirməyə səsləyiblər: “Azərbaycan və Ermənistanı sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi problemli məsələlərin həlli üçün konstruktiv işləməyə çağırırıq. Bu işdə həmsədrlər önəmli rol oynaya bilər”.

Bununla yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kasprşikin regiondakı fəaliyyətinə də “zərurət” yarandığı ifadə olunub. Xatırlatmaq yerinə düşər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ildə ən böyük dəstəyini məhz ATƏT-in Minsk qrupundan alıb. Bu qrupun münaqişəyə ən böyük “töhfəsi” problemi uzatmaq, Azərbaycanı de-fakto işğal faktı ilə barışdırmaq olub. Səmərəsiz, yalnız turist səfərlərini xatırladan gediş-gəlişlər münaqişənin sona çatmasında heç bir rol oynamayıb. Bunu qrupa üzv olan dövlətlərin bəzilərinin təmsilçiləri özləri də etiraf ediblər. İndi yenidən bu yarıtmaz vasitəçilik institutunun meydana çıxarılması israrla təklif olunur. Ermənistan da öz növbəsində Minsk qrupunu fəallaşdırmaq və gələcəkdə “status” məsələsini gündəmə gətirmək haqqında düşünür. Ermənilərin həmsədrlərdən ikiəlli yapışmasında məqsəd budur. Azərbaycan Minsk qrupunun fəaliyyətinə birmənalı münasibət sərgiləyib və qrupun fəaliyyətinə rəsmi səviyyədə etiraz edib. Əksəriyyət hesab edir ki, nəinki siyasi, hətta humanitar statusda belə qrupun regiona qayıdışı əlavə problemlər deməkdir.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Şərq”ə bildirib ki, dövlətin də, ictimaiyyətin də həmsədrlərlə bağlı yanaşması birmənalıdır. Partiya sədrinin sözlərinə görə, 44 günlük müharibədən sonra Minsk qrupu dəfələrlə çalışıb ki, özünü yenidən proseslərin içinə atsın:

“Minsk qrupunun Cənubi Qafqazda gedən proseslərə, xüsusən Azərbaycan-Ermənistan arasındakı məsələlərə müdaxiləsi yolverilməzdir. Həmsədrlərin geri dönüşünün qarşısını birdəfəlik almalıyıq. ABŞ, Fransa və Rusiyanın Bakıya və İrəvana münasibətləri hamıya bəllidir. Üç ölkənin Ermənistana verdiyi açıq və gizli dəstəyin fərqindəyik. Bugünədək verdikləri mənasız bəyanatlar da göstərir ki, üçlü vasitəçilik institutunun bölgəyə və tərəflərə yanaşması dəyişməyib. Əvvəlki ədalətsiz və qərəzli mövqeləri bu gün də davam etməkdədir. Onların bütün təklif və təşəbbüslərini gözardı etməliyik. XİN səviyyəsində Minsk qrupu üzvləri ilə keçirilən görüşlər isə sıradan təmaslardır və heç bir mahiyyət kəsb etmir. Sadəcə, rəsmi Bakı bəyan edib ki, həmsədrlər öz təkliflərini versinlər, əgər təkliflər Azərbaycan tərəfindən məqbul sayılarsa, müəyyən addımlar atıla bilər.

Amma indiki şəraitdə Minsk qrupunun siyasi danışıqlara, Azərbaycan-Ermənistan arasındakı müzakirələrə yaxın buraxılması qəbuledilməzdir”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]