Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı “Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində)” adlı layihə 1 fevral – 1 may 2022-ci il tarixləri əhatə edən 3 (üç) ay müddətində icra olunacaq. Layihənin ideyası işğaldan azad olunmuş ərazilərdə ermənilərin tarixi-dini və mədəniyyət abidələrinə qarşı törətdikləri vandalizm aktlarını, abidələri saxtalaşdırmaq istiqamətində cinayət əməllərini faktlarla beynəlxalq aləm qarşısdında ifşa etməkdən ibarətdir. Bu səbəbdəb layihənin əhatə dairəsi Azərbaycan Respublikasının bütün ərazisini, o cümlədən 44 günlün Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizi əhatə edir. Bu layihəni həyata keçirməkdə əsas məqsəd 30 ilə yaxın davam edən işğal nəticəsində ermənilərin Azərbaycana həm tarixən, həm də beynəlxalq hüquqla məxsus olan torpaqlarda tarixi-dini və mədəniyyət abidələrinə qarşı törətdikləri vandalizm aktlarını beynəlxalq ictimaiyyətə çatdırmaqdır. İkinci məqsəd ondan ibarətdir ki, erməni işğalçılarının tarixi-dini və mədəniyyət abidələrinin dağıdılmasını yaxud saxtalaşdırılmasını məqsədyönlü şəkildə, azərbaycanlılara qarşı düşünülmüş şəkildə etnik təmizləmə siyasəti həyata keçirdiyini sübut etmək və göstərməkdir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bir sıra işlərin həyata keçirilməsi nəzərdə tutulub.
Əvvəlcə “Vandalizm” sənədli filminin çəkilməsi üçün zəruri faktoloji materialların toplanması və müsahibələrin alınması planlaşdırılır. Bununla əlaqədar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət olunaraq icazələr artıq alınıb. Çəkiliş qrupu formalaşdırılıb və heyətin Qarabağ bölgəsinə (Şuşa, Ağdam, Füzuli, Xocavənd rayonunun Tuğ və Düdükçü kəndləri) səfərləri həyata keçiriləcək. Bundan əlavə, mövzu üzrə mütəxəssis olan respondentlərdən müsahibələr alınacaq.
Daha sonra toplanmış materiallar əsasında “Vandalizm” sənədli filminin ədəbi-bədii ssenarisi yazılacaq. “Vandalizm” sənədli filminin ədəbi-bədii ssenarisi hazır olduqdan sonra isə ssenari redaktə üçün filmin redaktoru tərəfindən redaktə ediləcək, sənədli filmdəki tarixi məqamlar filmin elmi məsləhətçisi tərəfindən dəqiqləşdiriləcək, zərurət yarandıqda, zənginləşdiriləcək.
Bundan sonra ssenari əsasında sənədli filmin montaj prosesi həyata keçiriləcək, mətn oxunacaq, videomontaj həyata keçiriləcək.
“Vandalizm” sənədli filminin azərbaycan dilində olan versiyası hazırlanaraq müvafiq ekspert rəyi alınması məqsədi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ekspert komissiyasına təqdim olunacaq və zəruri dəyişikliklər ediləndən sonra müsbət rəy alınacaq. Bundan sonra sənədli film rus və ingilis dillərinə dublyaj olunacaq.
Növbəti mərhələdə layihə çərçivəsində hazırlanan “Vandalizm” sənədli filminin Bakı şəhərində yerləşən ali təhsil müəssisələrindən birində aparıcı KİV-lərin iştirakı ilə geniş ictimaiyyətə təqdimat mərasimi həyata keçiriləcək.
Sonuncu mərhələdə isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrası ilə bağlı təsviri hesabat, maliyyə hesabatı və bütün digər zəruri sənədlər təqdim ediləcək.
“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı “Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində)” adlı layihənin icrasının səbəb olacağı nəticələrin sayı çoxdur. Bunlardan birincisi odur ki, 30 ilə yaxın davam edən işğal nəticəsində ermənilər tərəfindən tarixi-dini və mədəniyyət abidələrinin dağıdılması yaxur bunları saxtalaşdırılması ilə bağlı müfəssəl məlumatlar Azərbaycan cəmiyyətinə və beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Son zamanlar Ermənistan rəhbərliyi növbəti dəfə qeyri-konstruktiv mövqe nümayiş etdirərək Azərbaycan Respublikasının son 30 ildə işğal olunmuş ərazilərdə aparılmış saxtalaşdırma, süni erməniləşdirmə faktlarını ifşa etmək səylərinin üzərinə kölgə salmaq istəyir. Bu layihə Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətinə ciddi dəstək olacaq, Ermənistanın saxtakarlıq siyasətini bir daha ifşa edəcək. Layihə həmçinin Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı etnik təmizləmə siyasəti yürütdüyünü sübut edir, bu faktların gənc nəsil tərəfindən mənimsənilməsini təmin edir, indiki və gələcək nəsillər üçün informasiya müharibəsində zəruri faktoloji və arxiv material rolunda çıxış edəcək. Onu da vurğulamaq lazımdır ki, layihənin icrası nəticəsində beynəlxalq erməni lobbisi və onların havadarlarına qarşı mübarizənin ön sıralarında olan Azərbaycanın diaspor təşkilatları tutarlı və təkzibolunmaz materiallarla təmin ediləcək.