Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində Qubadlı rayonu N.Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbi tərəfindən həyata keçirilən “Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsi başa çatmaqdadır.
Sözügedən layihə çərçivəsində son tədbir “Dəyirmi masa” formatında təşkil edilən görüş oldu. Təbdirdə layihənin rəhbəri, Qubadlı rayonu N.Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbinin direktoru Tünzalə Hüseynova “Dəyirmi masa” iştirakçılarına layihə haqqında ətraflı məlumat verdi. Bildirildi ki, layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan, yaxud da, müxtəlif sosial səbəblərdən problemlərlə üzləşən uşaq və yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etmək idi. Layihənin icrası müddətində məktəblilər arasında təşkil olunan müxtəlif xüsusi dərnəklər və art terapiya kursları qruplarına müvafiq məlumatlar yayıldı, seçilmiş uşaq və yeniyetmələr arasında istedadların inkişafı, onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş xüsusi dərnəklər və art terapiya kursları oldu, dərnəklər və kurslarda hazırlanan əl işlərindən ibarət sərgi təşkil edildi və geniş ictimaiyyətin məlumatlandırılması məqsədilə layihənin başlanğıc və yekun mərhələsində geniş dəyirmi masa baş tutdu.
T.Hüseynova qeyd etdi ki, layihənin icrası müddətində hər qrupda 15 nəfər olmaqla ümumilikdə 4 qrupda 60 nəfərə xüsusi dərnəklər təşkil edildi. Xüsusi dərnəklərdə əsas istiqamətlər taxtada iş, muncuqlardan formalar, şüşə üzərində işləmələr, toxuma, daş üzərində rəsmlər və s. ibarət oldu. Art terapiya kurslarındakı 15 nəfərdən ibarət 1 qrup isə sosiallaşmağa ehtiyacı olan uşaq və yeniyetmələr sırasından formalaşdı. Bu məqsədlə komandaya daxil olan art terapiya mütəxəssisinin iştirakı ilə kurslar təşkil edildi. Təlimlərdə (xüsusi dərnəklər və art terapiya kurslarında) iştirak etmiş şəxsləri həvəsləndirmək, onların cəmiyyətə inteqrasiyalarına yardım etmək məqsədi ilə bu fəaliyyətlər zamanı düzəldilmiş əl işlərinin sərgisi təşkil olundu. Layihə zamanı hazırlanmış əl işlərindən ibarət sərgi Sumqayıt Poeziya Evində təşkil olundu. Sərgiyə dəvət edilən müxtəlif qonaqlar oradakı işlərin müəllifləri tanış oldular, gələcək onların fəaliyyətlərinə dəstək olmaq planlaşdırıldı.
“Dəyirmi masa” yekununda xüsusi dərnəklər və art terapiya kurslarının iştirakçılarına sertifikatlar təqdim edildi.
“Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin işçi qrupu















