Qahirədə Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Misirin paytaxtı Qahirə şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin Misirdəki səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri, diaspor üzvləri və tələbələr iştirak ediblər.

İki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirov açıb. Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edən cəmiyyət sədri diaspor təşkilatının xalqımızın mədəni irsinin, o cümlədən milli adət-ənənələrinin təbliği istiqamətində fəaliyyətindən danışıb. Diaspor mərkəzində təşkil olunan ödənişsiz kurslarda Azərbaycan dilini öyrənən misirli və əcnəbi tələbələrin milli adət-ənənələrimizə, ədəbiyyatımıza və tariximizə də yaxından bələd olması üçün görülən işləri nəzərə çatdırıb. Bildirib ki, onların əksəriyyəti müxtəlif tədbirlərdə Azərbaycanın klassik şairlərinin şeirlərini səsləndirir, ədiblərimizin əsərlərindən səhnələr təqdim edirlər. Cəmiyyət sədri Misirdə təhsil alan və ərəb dilini öyrənən azərbaycanlı tələbələri ölkəmiz haqqında həqiqətlərin çatdırılması naminə sosial şəbəkələrin ərəbdilli seqmentlərində daha fəal olmağa çağırıb.

Sonra ölkəmizin Misirdəki diplomatik nümayəndəliyinin müşaviri Ramiz Vəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlı çıxış edərək, xalqımızı və dünya azərbaycanlılarını bayram münasibətilə təbrik ediblər. Novruz bayramının tarixi və rəmzləri, milli adət-ənənələrimiz haqqında ətraflı danışan qonaqlar dünyanın müxtəlif ölkələrində, o cümlədən Misirdə yaşayan soydaşlarımızın diaspor mərkəzlərində əziz bayramı Qarabağın azadlığa qovuşması şəraitində geniş şəkildə qeyd etməsini sevindirici hal, misirli və əcnəbi tələbələrin Azərbaycan dilini öyrənməsini və bayram şənliklərində iştirakını diaspor təşkilatının böyük uğuru adlandırıblar.

Tədbir misirli tələbələrin Azərbaycana və Novruz bayramına həsr olunmuş şeirlər söyləməsi və mahnılar ifa etməsi ilə yekunlaşıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]