Zəngin adət-ənənələrimiz, mədəniyyət nümunələrimiz xalqımızın milli sərvətidir

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan özünün zəngin milli-mədəni və əxlaqi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək, özünəməxsus adət-ənənələri ilə seçilir. Xalqımızın mili adət-ənənələri hələ qədim daş dövründən başlayаrаq bəşər tarixinin bütün ictimai, siyasi, bədii-estetik xüsusiyyətlərini özündə əks etdirir. Zəngin adət-ənənələrimiz, uzun əsrlərdən bəri nəsildən-nəsilə ötürülən dini mərasimlərimiz xalqımızın milli sərvətidir. Eyni zamanda, adət-ənələrimizdə milli-bədii cəhətlərin dini etiqad hissi ilə bağlılığı, bəşəri mənəvi mahiyyət daşıyan incəsənət nümunələri milli-estetik zövqün formalaşmasına təsir edir.

Azərbaycanın milli adət-ənənələri qədim tarixi köklərə malik olduğundan bəşəri aləmin bütün mərhələlərində ənənəvi milli yaradıcılıq prinsipləri qorunub-saxlanılmışdır.

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Büllur Məmmədova ilə söhbətimizdə də milli adət-ənənələrimizin tarixi köklərindən, bu günümüzə qədər qorunub-saxlanmasından və gələcək nəsillərə necə ötürülməsindən bəhs etdi:

– Mədəniyyətin və milli ənənələrin, dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi, bu gün də öz aktuallığını qoruyub-saxlayır. Ona görə ki, milli adət-ənənələrimiz xalqımızın etnos kimi formalaşmasına birbaşa təsir edir. Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolu yüksək qiymətləndirən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”.

Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda onu qoruyub-zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toy, yas mərasimləri, islam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir.

Azərbaycanın milli-mənəvi dəyərlərinə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülmüşdür. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli dəyərlərinin qorunmasına, mədəniyyətinin inkişafına, adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Ulu öndər gənclərimizi xalqımızın milli dəyərləri, əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. O deyirdi: “Biz öz adət-ənənələrimizi, milli-əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalı, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Bir milləti digərlərindən fərqləndirən də əslində elə milli-mənəvi dəyərləridir. Ulu öndər çıxışlarının birində onu da xüsusi olaraq vurğulayırdı ki, “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni var”.
O həmçinin deyirdi: “Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.

Yeri gəlmişkən, qeyd edək ki, milli-mənəvi dəyərlərimizin qorunmasında, həmçinin təbliğində ulu öndərin çox böyük xidmətləri olub. Təkcə bir faktı deyək ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə hələ sovet dönəmində Azərbaycan SSR-in Konstitusiyası qəbul olunarkən orada ana dilimizin dövlət dili statusu təsbit olunmuş, Novruz bayramı daha geniş şəkildə təbliğ edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlyi ilə də son dövrlər ölkəmizdə mədəniyyətinin inkişafı, milli dəyərlərimizin qorunması, islam dininə hörmət, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində böyük işlər görülüb.

Dövlət başçısı bu məsələlərdən bəhs edərkən qeyd edib ki, “Gənclərimiz tariximizi və milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, adət-ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.

Təsadüfi deyil ki, hazırda ölkədə fəaliyyət göstərən bir çox qeyri-hökumət təşkilatları (QHT) da bu istiqamətdə öz töhfələrini verməkdədirlər. Rəhbərlik etdiyim “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İB də mədəniyyətimizin və milli ənənələrimizin təbliği istiqamətində çoxsaylı tədbirlər, müzakirələr, dəyirmi masalar və ziyarətlər keçirib. Təşkilatımızın əsas məqsədlərindən biri mədəniyyətimizi, milli ənənələrimizi, o cümlədən, Novruz bayramını, ailə dəyərlərimizi, dini bayramlarımızı təbliğ etmək və onu gələcək nəsillərə çatdırmaqdır.

Bundan başqa, hazırda işğaldan azad olunmuş ərazilərdə erməni vəhşiləri tərəfindən törədilən vandalizm faktları ilə bağlı film üzərində işləyirik. “Vandalizm” adlanan film 3 dildə – Azərbaycan, rus və ingilis dillərində nümayiş olunacaq.

Layihənin ideyası işğaldan azad olunmuş ərazilərdə ermənilərin tarixi-dini və mədəniyyət abidələrimizə qarşı törətdikləri vandalizm aktlarını, abidələri saxtalaşdırmaq istiqamətində cinayət əməllərini faktlarla beynəlxalq aləm qarşısında ifşa etməkdən ibarətdir. Bu səbəbdən layihənin əhatə dairəsi respublikamızın bütün ərazisini, o cümlədən, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizi əhatə edir. Əsas məqsəd 30 ilə yaxın davam edən işğal nəticəsində ermənilərin həm tarixən, həm də beynəlxalq hüquqla Azərbaycana məxsus olan torpaqlarda tarixi-dini və mədəniyyət abidələrinə qarşı törətdikləri vandalizm aktlarını beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

İkinci məqsəd, erməni işğalçıların tarixi-dini və mədəniyyət abidələrinin dağıdılmasını, yaxud saxtalaşdırılmasını düşünülmüş şəkildə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti kimi həyata keçirdiyini sübut etmək və göstərməkdir.

Filmi hazırlamaqda bizə göstərilən dəstəyə görə. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi öz təşəkkürümü bildirirəm.

Film vasitəsilə 30 ilə yaxın davam edən işğal nəticəsində ermənilər tərəfindən tarixi-dini və mədəniyyət abidələrinin dağıdılması, yaxud saxtalaşdırılması ilə bağlı müfəssəl məlumatlar Azərbaycan cəmiyyətinə və beynəlxalq ictimaiyyətə təqdim ediləcək.

Məlum olduğu kimi, Ermənistan rəhbərliyi son zamanlar növbəti dəfə qeyri-konstruktiv mövqe nümayiş etdirərək, işğal olunmuş ərazilərimizdə aparılmış saxtalaşdırma, süni erməniləşdirmə faktlarını ifşa etmək səylərinin üzərinə kölgə salmaq istəyir. Bu layihə Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətinə ciddi dəstək olacaq, Ermənistanın saxtakarlıq siyasətini bir daha ifşa edəcək. Layihə həmçinin Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı etnik təmizləmə siyasəti yürütdüyünü sübut edir, bu faktların gənc nəsil tərəfindən mənimsənilməsini təmin edir. Eyni zamanda, indiki və gələcək nəsillər üçün informasiya müharibəsində zəruri arxiv materialı rolunda çıxış edəcək.

Onu da vurğulamaq lazımdır ki, layihənin icrası nəticəsində beynəlxalq erməni lobbisi və onların havadarlarına qarşı mübarizənin ön sıralarında olan Azərbaycanın diaspor təşkilatları tutarlı və təkzibolunmaz materiallarla təmin ediləcək.

Şəbnəm Mehdizadə,

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusuna uyğun olaraq dərc edilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]