Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktroru adı verilib

Mayın 25-də “Baykar” şirkətinin texnoloji lideri, “Teknoloji Takımı Vakfı”nın (T3 Vakfı) Qəyyumlar Şurasının sədri, “Qarabağ”ordenli Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, hər iki ölkənin müxtəlif nazirliklərinin rəhbər şəxsləri, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Selçuk Bayraktarı AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, şəxsin inkişafı onun mükəmməl elmə və təhsilə yiyələnməsi ilə birbaşa bağlıdır. Bu mənada Bayraktarı bütün dünyaya tanıdan onun mükəmməl elmə, təhsilə yiyələnməsi olub. Azərbaycanda müdafiə sənayesinin inkişafına göstərilən diqqətdən danışan nazir müavini qeyd edib ki, bu istiqamətdə yüksəkixtisaslı kadr hazırlığının aparılması da mühüm şərtlərdəndir. O qeyd edib ki, hazırda AzTU regionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitetdir. Firudin Qurbanov son illər AzTU-nun Türkiyənin aparıcı universitetləri, tədqiqat və innovasiya mərkəzləri ilə əməkdaşlıq əlaqələrini yüksək səviyyədə inkişaf etdirdiyini də diqqətə çatdırıb.

Sonra AzTU-nun fəxri qonağı Selçuk Bayraktar tələbələrlə görüşüb. Müdafiə sənayesinin inkişafının ölkə üçün əhmiyyətini vurğulayan Bayraktar müəllifi olduğu müasir texnologiyalar, eyni zamanda hazırda Türkiyənin ilk uçan avtomobili olan “CEZERİ”, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olacaq Bayraktar Kızılelma (MİUS) layihələri və üzərində çalışdığı yeni tədqiqat işləri barədə tələbələrə məlumat verib.

Daha sonra Selçuk Bayraktara Azərbaycan Texniki Universitetin fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Fəxri doktor diplomunu qonağa AzTU-nun rektoru, professor Vilayət Vəliyev təqdim edib.

Rektor qeyd edib ki, Selçuk Bayraktar AzTU-nun fəxri doktorları arasında ən gəncidir. Vilayət Vəliyev Selçuk Bayraktarın rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, elm və texnologiyanın inkişafına verdiyi əvəzsiz töhfələri xüsusi qeyd edib və AzTU-nun tələbələri ilə görüşdüyü üçün ona təşəkkür edib.

Qeyd edək ki, bu günə qədər 15 nəfərə AzTU-nun fəxri doktoru adı verilib, onlardan biri də Selçuk Bayraktardır.

Selçuk Bayraktara AzTU-nun fəxri doktoru adı onun rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, verdiyi ideyalar və ağıllı həllər nəticəsində elm və texnologiyanın inkişafına əvəzsiz töhfələrinə, Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılmasındakı dəstəyinə, Azərbaycanda gənc mühəndis kadrların hazırlanmasına və texnoloji innovasiyaların öyrənilməsinin kütləviləşməsinə verdiyi müstəsna xidmətlərinə görə təqdim edilib.

Tədbirdən sonra Selçuk Bayraktar universitetin foyesində “TEKNOFEST Azərbaycanda”iştirak edəcək AzTU komandalarının əl işlərindən ibarət sərgiyə və rəsm sərgisinə baxıb.

Sonda xatirə şəkli çəkdirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]