“Bir məsləhətim də var. Azərbaycanı Azərbaycanda deyil, Azərbaycandan kənarda təmsil etməyə çalışın. Bir xalq nə zaman güclü olur? Onun xaricdəki lobbisi güclü olanda. Çünki lobbini yaradan insanlar intelektual baxımından zəngin insanlardır. Onlar da sizlərsiz, təhsil alanlar. Beyniniz rahat olsun. Biz, “Spring Marine” və “Palmali” olaraq, sizinlə sona qədər bərabərik və sizinləyik. Vətəni düşünün, böyük Azərbaycanımızı düşünün. Onu layiqli şəkildə təmsil edin, cünki Azərbaycanın sizin kimi təhsilli, savadlı insanlara çox ehtiyacı var”.
AKTUAL TV xəbər verir ki, bunu “Palmali” Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimov bu ölkənin ali təhsil müəssisələrində təhsil alan 177 tələbə arasında sertifikat və təqaüdlərin verilməsi ilə bağlı müqavilələrin imzalanması mərasimində bəyan edib. Türkiyənin Ankara, İstanbul, Sivas, Adana, Antalya və digər şəhərlərindən gələn tələbələr əvvəlki təhsil ilini yüksək bal və dərəcələrlə başa vuranlar, şəhid ailəsi üzvü olanlar, Qarabağ müharibəsi qazilərinin yaxınları və ağır maddi durumda olan ailələrin övladlarıdır. Mübariz Mənsimovla sertifikat və müqavilələr imzalayan tələbələr yüksək bal toplayanlar və təhsillərində əldə etdikləri ciddi nailiyyətləri ilə fərqlənən gənclərdir.
Tədbir açıq elan olunarkən “Palmali” Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimov təqaüd alan şəhid və qazi övladlarını ayaqüstə salamladı. Qeyd edək ki, təqaüd alan tələbələr arasında 26-29 may 2022-ci il tarixlərində Azərbaycanda keçirilən “TEKNOFEST” festivalında təmsil olunan “Drone X” komandasının üzvləri, Türkiyənin “Yıldız” Texniki Universitetinin tələbələri də var idi. “Drone X” “Palmali” Şirkətlər Qrupu tərəfindən ana sponsorluq edilən komandadır.
Tədbirdə tələbələr qarşısında çıxış edən Mübariz Mənsimov bunları bildirdi: “Burada “Palmali” və Mübariz Mənsimov haqqında xoş sözlər dedilər. Amma bildirməliyəm ki, bərəkəti verən Allahdır. Biz onun verdiyi bərəkəti sadəcə paylaşan insanlarıq. Burada yalnız “Palmali” deyil, “Spring Marine Dənizçilik” şirkətinin də əməyi var. Bu, tək Mübarizin deyil, böyük bir ailənin əməyidir. Və hər şeydən öncə də sizin haqq etdiyiniz Allah tərəfindən sizə göndərilmiş bir ruzidir. Həyatımı yenidən başlasam nə edərdim? Düşünürəm, daha çox təhsil alardım. Təhsil bir yatırımdır. Təhsil çox önəmlidir. Bu günün işini sabaha buraxmayın. Bunu unutmamalısız. Dünənki işi geridə buraxıb gələcəyi düşünün. Hədəfiniz olsun və ona doğru gedin. Bir dövlətin ən böyük gücü cahillər deyil, əksinə, təhsilli, savadlı insanlardır. Sizə təhsildə müvəffəqiyyətlər arzulayıram. Vətən müharibəsində şəhid olmuş atalarınızın ruhunu şad etmək üçün oxumalısız. Savad almalısız. O zaman onların ruhu şad olacaq. Allah hamınızın yolunu açıq etsin, diləkləriniz gerçək olsun”.
Tədbirdə “Spring Marine Dənizçilik” şirkətinin İdarə Heyətinin Sədri Səbahəttin Su, “Demsa Holding” şirkətinin sahibi Hüseyn Dəmir, dünya şöhrətli rəssam-heykəltəraş Sənan Eynullayev, İstanbulun “Yeditəpə” universitetinin müəllimi, Azəbaycanın Əməkdar İncəsənət xadimi, professor Rafiq Əzizov, Türkiyədə təhsil alıb və hazırda burada həkim işləyən edən azərbaycanlılar və digər ziyalılar da iştirak ediblər. Tələbələrə öz həyat yolları və tələbəçilik illəri barədə danışan qonaqlar başqa ölkədə Azərbaycanı necə təmsil etmək haqqında tövsiyələrini paylaşıb, təhsillərində böyük uğrlar arzulayıb və “Palmali” şirkətinin daim onların yanında olduğunu bildiriblər.
Qeyd etmək lazımdır ki, ilkin mərhələdə “Palmali” Şirkətlər Qrupunun 150 azərbaycanlı tələbəyə təqaüd veriləcəyi bildirilsə də, hazırda bu rəqəm 177-yə çatıb. Bu onunla əlaqədardır ki, şirkətin prezidenti Mübariz Mənsimovun 2020-2021-ci illərdə saxta ittihamlarla həbs olunması ilə bağlı həmin müddətdə bir sıra tələbələrə təqaüdlərin verilməsi dayandırılmışdı. Və indi həmin tələbələrin adları da təqaüd alacaq şəxslərin siyahısına əlavə edilib.
Bir daha xatırladaq ki, “Palmali” Şirkətlər Qrupu Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün elan etdiyi “Təqaüd Programı” üzrə seçim əsasında 177 azərbaycanlı tələbə şirkətin təqaüdünə layiq görülüb. Tələbələrin müraciətləri 15 mart – 31 aprel tarixlərində qəbul olunmuşdu. Azərbaycandan olan 1000 nəfərə yaxın tələbə təqaüd və təhsil haqlarının ödənməsinə kömək göstərilməsi, sosial vəziyyətlərinin çətin olması ilə bağlı şirkətə müraciət etmişdi. Seçilənlərin böyük əksəriyyəti Türkiyənin müxtəlif dövlət universitetlərində təhsil alan azərbaycanlı tələbələrdir. Vurğulamaq lazımdır ki, bu sosial layihə demək olar, hər il qardaş ölkənin müxtəlif təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələri əhatə edir.
Vurğulayaq ki, “Palmali” təqaüdünü qazanan bir neçə tələbəyə şirkətdə təcrübə keçmək imkanı da yaradılıb. “Palmali” Şirkətlər Qrupu 2022-2023 tədris ili üçün təqaüd qazanan tələbələri təbrik edir və təhsillərini uğurla başa vurub vətənə faydalı və peşəkar mütəxəssis olmalarını arzu edir.