Bakıda on bir min manata uşaq bağçası… – Özəl bağçalarda bir uşağın aylıq, illik xərcləri

Son vaxtlar uşaq bağçalarına nəzarət daha da gücləndirilib. Dövlət bağçalarından fərqli olaraq özəl bağçaların kamera sistemi ilə təchiz olunması valideynlərə övladlarının günlük rejimini izləməyə imkan verir. Maraqlıdır, özəl bağçalarda bir uşağa görə aylıq, yaxud da ki, illik nə qədər vəsait xərclənir?
Bunu araşdırmaq üçün Bakıda ən çox sayılıb-seçilən bir neçə bağça ilə əlaqə saxladıq:
“Göyərçin” uşaq bağçasında Azərbaycan dilində tədris yoxdur. Bu bağçada rus və ingilis dili üzrə tədris var. Rus bölməsi üzrə qiymətlər aylıq 450, ingilis bölməsi üzrə isə 500 manatdır.
“Sehirli Dayə” uşaq bağçasında endirimsiz real aylıq qiymətlər 400, endirimlə isə 360 manatdır.
“Mələklərim” uşaq bağçasında isə qiymətlər aylıq 250 manatdır. Burada uşaqlar əl motorikalarını inkişaf etdirir, müxtəlif intellektual oyunlar oynayırlar.
“İndigo” uşaq bağçasında tam günə görə qiymətlər aylıq 450, yarım günə görə isə 250 manatdır.
“Funny Bunny”də aylıq qiymət 300, “Bambi”də 250 manatdır. “Sabis Sun”ın uşaq bağçasında isə 3 yaşdan qəbul var və bu yaşda olan uşaqlar üçün illik ödəniş 11 min manatdır.
Fin təhsil proqramını tədris edən “XXI Əsr Məktəbi”ndə isə illik qiymətlər bölmədən asılı olmayaraq 7 min manatdır. Səhər 08:30-dan axşam 18:00-dək fəaliyyət göstərən bağçanın aylıq ödənişinə günlük 3 dəfə qidalanma, bir dəfə meyvə saatı, rəsm, musiqi, gimnastika daxildir. Azərbaycan və rus bölməsində olan uşaqlara həftədə 3 dəfə xarici dil olaraq ingilis dili tədris edilir. İngilis dili bölməsində isə tədris ancaq ingilis dilindədir.
“Baku Oxford School”da isə 3 yaşdan məktəbəqədər qruplarda ödəniş illik 8 min manatdır.
“Baby on board” uşaq bağçasında səhər 08:00-dan axşam 18:00-dək aylıq 400 manat ödəniş tələb olunur. Burada həmçinin türk və rus dilində bölmələr fəaliyyət göstərir. Aylıq qiymətə 5 dəfə qidalanma, şahmat, ingilis dili, gimnastika daxildir.
“Bakı Montessori Premium Uşaq Bağçası”da qiymətlər 400 manatdan başlayır. Digər bağçalarda olan əyləncələr və gündə 5 dəfə qidalanma qiymətə daxildir.
Göründüyü kimi, Azərbaycanda özəl uşaq bağçalarının qiyməti aylıq 250 manatdan başlayır. Qiymətlər bölmələr üzrə fərqlənir. Nəticə olaraq belə qənaətə gəlmək olar ki, Bakıdakı özəl bağçaların illik qiyməti 4 800 manatla 11 min manat arasında dəyişir.
Özəl bağçalardakı keyfiyyətə gəldikdə isə valideynlərin bir hissəsi bundan razılığını bildirsələr də, bir hissəsi xidmətdən, keyfiyyətdən narazı olduqlarını deyirlər. Bəzi körpəli valideynlər övladının qidalanmasına həssas yanaşılmadığını bildirir. //sputnik.az//

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]