Şəhid oğlu Sənan Kərimovun arzusu ilə yola çıxan Ətrabə ana və şəhidimizin bacısı Gülnar xanım “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qonağı oldular. Bütün şəhid anaların qarşısında baş əyir, onların başlarını daim dik tutmalarını istəyirik. Siz bizə buraxılan əmanət və qürurumuzsunuz.
Aktual Tv xəbər verir ki, Ətrabə ana Vətən müharibəsində şəhid olan oğlu Sənan Kərimovun arzusunu yerinə yetirmək üçün İstanbula gəldi və “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qonağı oldu.
Torpaqlarımız uğrunda savaşarkən bir bölüyün əsgərlərini mühasirədən çıxarıb, özü isə şəhid olan Sənan Kərimovun, sən demə, bir arzusu varmış: Türkiyəyə gəlib Mübariz Mənsimovla görüşmək. Oğlunun arzularının izi ilə addımlayan ana Mübariz Mənsimovun qonağı oldu. Söylədikləri bizi çox kövrəltdi. Ətrabə ana “kaş ki, mən yox, oğlum burada olub sizinlə görüşə bilərdi” dedi. “Palmali” Şirkətlər Qrupunun prezidenti şəhidimizin adını əbədiləşdirmək üçün növbəti gəmiyə Sənan Kərimovun adını verəcəyini söz verdi.
Şəhid Sənan Kərimov.
29 mart 1991-ci ildə Ağdamda dünyaya gəlib. Kərimovlar ailəsinin üç övladından ikincisi olan Sənan həm də ailənin yeganə oğul övladıdır.
1993-cü ildə Ağdam rayonu işğal edilərkən Sənan hələ anasının qucağında idi. Digər soydaşlarımız kimi ailəsi öz evini, yurdunu məcburi tərk edib və Bakı şəhərində bir bağça binasında məskunlaşıb.
Sənan 9-cu sinfi bitirən kimi Cəmşid Naxçıvaniski adına hərbi liseyə qəbul olub. Zabitliyə gedən yolunun təməlini bu təhsil ocağında atan Sənan 3 il burada təhsil aldıqdan sonra biliyini ali dərəcəyə çatdırmaq üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub.
Sənan Kərimov Akademiyanı bitirdikdən sonra 1 il Təlim-tədris mərkəzində kurs keçib, daha sonra leytenant rütbəsi ilə Qusarda yerləşən N saylı hərbi hissəyə təyinat alıb. Bir müddət orada xidmət etdikdən sonra Fizulidə xidmətini davam etdirib, ən sonunda isə Bakıda yerləşən N saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmət edib.
Anasının sözlərinə görə, Sənan Kərimov üçün “ölüm”, “təhlükə” yaxud “qorxu” sözləri yad idi. Buna görə həyatını dəfələrlə riskə ataraq ən təhlükəli ərazilərə göz qırpmadan girib və yaralı yoldaşlarını xilas edib. Son döyüşlərdə inanılmaz həmlə ilə 70 nəfərlik heyəti mühasirədən çıxarmağa müvəffəq olub.
Oktyabrın 7-də Sənan Cəbrayıl rayonu istiqamətində gedən döyüşlər zamanı yaxınlıqdakı düşmən tankından atılan mərminin partlaması nəticəsində şəhid olub. Sənana kapitan rütbəsi verilsə də, bunu ona təqdim etmək mümkün olmayıb.
Aprel döyüşlərində də iştirak etmiş şəhdimiz 3 aylıq nişanlı imiş və müharibə bitdikdən sonra toyu olacaqmış.
Şəhid Sənən Kərimov 2-ci Fəxri xiyabanda dəfn edilib.