Bakıda memarlıq abidəsi üzərində tikilən üçüncü mərtəbə ilə bağlı rəsmi AÇIQLAMA – YENİLƏNİB – FOTO

Bakı şəhərində memarlıq abidəsi sayılan binanın damında aparılan tikinti işləri sökülür.
Bu barədə Aktualtv.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dərhal müvafiq tədbirlər görülüb.

Müəyyən olunub ki, Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, 12 ünvanında 1880-ci ildə inşa olunmuş tarixi memarlıq abidəsi olan həmin binanın dam örtüyündə binanın sahibkarı tərəfindən mansard inşa olunur.

Tarixi binanın üzərində hər hansı tikinti işlərinin aparılmasının yolverilməz olduğu sahibkarın diqqətinə çatdırılıb. BŞİH-in Kommunal Təsərrüfat Birliyinin nümayəndələri qanunsuz mansardın sökülməsini təmin ediblər və hazırda sahibkar tərəfindən həmin qanunsuz tikili sökülür. Ərazi nəzarətə götürülüb.

***10:17

Bakı şəhərində memarlıq abidəsi üzərində üçüncü mərtəbə tikilir.

Bu barədə tanınmış memar, professor Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, əsrlər boyu Bakı sakinləri şəhərin bənzərsiz memarlığını, gözəl küçələrini və bu gün bizim hamımızın fəxr etdiyi binaları yaradıblar:

“Dünyanın hər yerindən müxtəlif millətlərdən olan on minlərlə insan, Avropanın hər yerindən yüzlərlə memar Azərbaycan memarları ilə birlikdə, təəssüf ki, bu gün bizim qoruya bilmədiyimiz şəhərin bənzərsiz gözəlliyini bizə miras qoyublar.

Bakını sevən vətəndaşların iradəsi iddialı bisavadların yolverilməz hərəkətləri nəticəsində əzilir və iflic olur, onlar üçün əsas mənfəətdir və onun naminə müqəddəs olan hər şeyin üstündən keçməyə hazırdırlar. Bu cinayətlər tarixi irsin qorunmasına nəzarət etmək üçün yüksək vəzifələrə təyin edilən korrupsioner məmurların köməyi ilə həyata keçirilir, onlar öz vəzifələrindən əsasən çoxsaylı ömürlük müavinətlər qazanmaq üçün istifadə edirlər.

Bu gün İslam Səfərli küçəsi, 12 ünvanında gəzərkən gördüm ki, 1880-ci ildə tikilmiş və Azərbaycan dövləti tərəfindən qorunan memarlıq abidəsi üzərində üçüncü mərtəbə tikilir”.

“Avropa klassisizm memarlığının sərtliyi ilə seçilən ikimərtəbəli yaşayış binası primitiv üçüncü mərtəbənin tamamlanması ilə eybəcərləşəcək. Əlaqə saxladığım inşaatçıların sözlərinə görə, bütün lazımi icazələr alınıb. Axı bu necə ola bilər?! Cənab mədəniyyət naziri, nə baş verdiyini izah edin! Əgər cəmiyyət və ölkə başçısı memarlıq abidəsinin təhlükəsizliyinə nəzarət etməyi sizə həvalə edibsə, hansı əsasla tarixi binanın üstünün tikilməsinə icazə vermisiniz?!” – deyə o qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]