“Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul etdi. Qəbul zamanı bir çox məsələlərə münasibət bildirdi və konkret tapşırıqlar və hədəflər müəyyənləşdirdi. Bildiyimiz kimi Azərbaycan müstəqillik dönəmində çox böyük yol qət edib. Regionların iqtisadi-sosial inkişafına nail olmaq üçün xüsusi dövlət proqramları həyata keçirilir. Bacardığımız qədər daxili bazarın kənd təsərrüfatı məhsulları və ümumiyyətlə məhsullarla təmin olunması üçün xüsusi fabrik və zavodlar tikilib. Bu sahəyə külli miqdarda vəsaitlər xərclənib”. Bu sözləri Akualtv.az-a açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, bu gün kəndlərdə vətəndaşların yaşamaları, işləmələri üçün dövlət tərəfindən xüsusi subsidiyalar və həvəsləndirici vəsaitlər ayrılır: “Bütün bunlarla yanaşı çox təəssüflər olsun ki, biz məmur özbaşınalığının da şahidi olmuşuq. Məmurların bu proseslərə can yandırmaması nəticəsində dövlətə və kənd təsərrüfatına çox böyük ziyanlar dəyir.
Prezident İlham Əliyevin də bildirdiyi kimi qanundan ali heçnə yoxdur. Hər kəs qanun qarşısında cavab verəcək. Hər bir dövlət məmuru çalışmalıdır ki, yerlərdə dövlət siyasətini uğurlar həyata keçirsin. Vətəndaşlara, sahibkarlara dəstək olmalıdırlar. Bütün bunlarla yanaşı çox təəssüflər olsun ki, müstəqilliyin ilk illərindən başlayaraq məmurların da iştirakı ilə kənd təsərrüfatına yararlı ərazilər zəbt edilib. Müxtəlif yollarla özəlləşdirilərək sahibkarların və hansısa konkret məmurların nəzarətinə keçirdi. Prezident İlham Əliyevin Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul zamanı toxunduğu məsələlər cəmiyyəti narahat edən məsələlərdir. Bütün bunlarla yanaşı dövlət başçısı həmçinin qanunsuz şəkildə Xəzər dənizinin hasarlanması məsələsinə də toxundu. Bu problem mütləq araşdırılmalıdır. Düşünürəm ki, yeni təyin edilmiş icra başçıları savadlı, bilikli və təcrübəli kadrlardır. Onlar Prezidentin tapşırıqlarını uğurla yerinə yetirəcəklər və ən qısa zamanlarda həmin rayonlarda vətəndaş-məmur vəhdətinin, birliyinin şahidi olacağıq.
Naqif Həmzəyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, görüş zamanı həmçinin dövlət başçısı şəhid ailələri və veteranların yerli icra hakimiyyəti və məmurlar tərəfindən qayğı göstərilməsinin vacibliyini bildirdi: “Biz 44 günlük Vətən müharibəsindəki qələbəmizi onlara borcluyuq. Bu baxımdan da Prezidentin yenidən bu məsələyə toxunması və yeni icra başçılarına tapşırıqlar verməklə yanaşı ümumilikdə bütün məmurlara bir daha xatırlatdı ki, bu kateqoriyadan olan insanların həmişə qayğısına qalmalı, onları həmişə xüsusi nəzarətdə saxlamalıyıq.
Bundan əlavə olaraq həmçinin yerlərdə yeni iş yerlərinin yaradılması üçün şəhər icra hakimiyyəti başçıları, aidiyyatı qurumlar çalışmalı, yeni iş yerlərinin yaradılması üçün sahibkarlarla bir yerdə fəaliyyət göstərməli, onlar üçün münbit şərait yaradılmalıdır. Maksimum dərəcədə çalışmalıyıq ki, kəndlərdə olan vətəndaşlarımız burada rahat şəkildə yaşayıb və işləsinlər. Düşünürəm ki, bu məsələ yerli icra başçılarının əsas prioritetlərindən biridir”.










