Babək Səmidlinin səs yazısının PƏRDƏARXASI: – “Azərbaycana qarşı hibrit müharibəsi gedir”

Şəhid polkovnik Babək Səmidlinin yayılmış səs yazısı bir çox mətləblərə aydınlıq gətirdi. Ancaq həmişəki kimi yenə də Azərbaycan ictimaiyyəti nəticə barədə danışır, səbəblər isə kənarda qalıb.

Gələk səs yazının Babək Səmidliyə aid olub, olmamasına. Səs yazısı əminliklə deyə bilərəm ki, Babək Səmidliyə aiddir. Bəzi dahi ekspertlərimiz səhər ona aid olmamasını, axşam isə ona aid olmasını deyib detallarını müzakirə edə bilir. Bu tip ekspertlərimiz gündə bir mövzu ilə bağlı 5-6 versiya səsləndirir. Gerçəklər üzə çıxanda isə proqnozları düz çıxmış kimi baxın, mən demişdim, deyə bilir. Nə isə…

Əmin olduğum bir şey də var ki, Babək Səmidlinin söhbət etdiyi şəxs xüsusi xidmət orqanının, prokurorluq orqanlarının əməkdaşı deyil. Söhbətin maşında və səmimi getdiyini nəzərə alsaq, bu versiya darmadağın olur. Səs yazısı çox yaxşı montaj edildiyi üçün yalnız sual-cavab kimi görünür. Məlum səs yazısının o həcimdə olması da inandırıcı deyil. Babək Səmidli bunu kimə danışa bilərdi? Etibar etdiyi, uzun illər tanıdığı və güvəndiyi birinə. Ən əsası hiss olunur ki, Babək Səmidlinin həmin şəxsə bir minnət borcu var. Minnət borcu da şəxsi münasibətlərdən qaynaqlanmır. Müharibə zamanı orduya verilən dəstəkdən qaynaqlanır. Həmin şəxsin sualları isə nə jurnalist, nə də sıradan birinin suallarına bənzəyir. Daha çox şeylərdən məlumatlı olmaq üçün qarşı tərəfin reaksiyaları o qədər qızışdırıcıdır ki… Dəqiqləşdirmə aparılır, yönləndirilir… Həmin şəxs iki şey üçün bu səsi yaza bilərdi. Birincisi, Azərbaycan ordusuna və orada xidmət edənlərə canı yanıb, ən yüksək post tutan şəxslərə real vəziyyəti çatdırmaq üçün. İkincisi isə lazım olan məqamda səsi ortaya ataraq məqsədinə çatmaq üçün. Babək Səmidli də sıradan bir zabit deyildi. Nəyi, kimə demək lazım olduğunu biləcək təcrübəyə malik idi.

Səs yazısının indiki məqamda yayılması bir çox mətləbləri üzə çıxarır. Hazırda hibrit müharibə gedir və bu səs yazısının indiki məqamda üzə çıxması bu müharibənin tərkib hissəsidir. Nəzərə alaq ki, sərhəd toqquşması zamanı da video yayılmışdı. Demək ki, bu davam edəcək. Bu müharibə parçalamaq, etibarsızlaşdırmaq, məhv etməyə hesablanıb. Azərbaycan ictimaiyyəti də buna çox meyillidir…

Azərbaycan ictimaiyyətini narahat edən bir məqam da Türkiyə ordusunun generallarının adının çəkilməsi və gələcəkdə bunun beynəlxalq aləmdə Azərbaycana qarşı çevrilə biləcəyidir. Hesab edirəm ki, bundan narahat olmağa dəyməz. Nəinki müharibədən sonra, müharibə gedən zaman belə türkiyəli bloqerlər bu barədə danışırdılar, Azərbaycanda olan şəxslərin kimliyi, karyeraları barədə məlumat verirdilər. Yəni erməni tərəfi bundan istifadə etsəydi və nəticə ala biləcəyini düşünsə idi, bunu çoxdan edərdilər. Üstəgəl Türkiyə ordusunun F-16-larının Azərbaycanda olması da rəsmi Bakı tərəfindən rahatlıqla deyilmişdi. Ona görə də bundan narahat olmağa dəyməz.

Gələk Babək Səmidlinin “Tərtər işi”nə görə ittiham edilməsinə. Hesab edirəm ki, məlum işlə bağlı adları keçən şəxslərin başlarına gələnlər onların xidmət etdikləri ərazilərdə olmalarının qədəridir. Adı “Tərtər işi”ində hallanan zabitlərin demək olar hamısı müharibə zamanı verilən tapşırıqları artıqlaması ilə yerinə yetirdilər. Onlara satqın, xaid damğası vururlar. Bu necə xainlikdir ki, müharibə zamanı yaralanır, yarası tam sağalmamış yenidən döyüşə atılır, bəziləri hətta bir neçə dəfə yaralanır. Bu necə xainlikdir ki, dövlətin suverenliyi, ərazisinin bərpası uğrunda gedən döyüşlərdə şəhid olurlar. Deyir, imam üçün ağlayanda, yezid üçün də ağlamaq lazımdır.

Babək Səmidlinin səsinin yayılması başqa “maskaları da cırdı”. Müharibə vaxtı və müharibədən sonra korpusu uğursuzluqda, “Ağdərəni niyə ala bilmədilər?” deyə ittiham edənlər indi çox rahat yaza bilirlər ki, hücum istiqaməti cənub idi, şimal istiqamətinin işi müdafiədə durmaq və manevrlərlə qarşı tərəfin bölmələrinin cənub istiqamətinə getməsinin qarşısını almaq idi. Əgər bunu bir jurnalist bilib yazırsa, Babək Səmidli kimi korpusda mühüm post tutan biri niyə bilməsin?

Gələk həmin korpusun fəaliyyətinə. Müharibə zamanı artıq məlum olmuşdu ki, qüvvələr nisbəti bərabərdir, bəzi parametrlərdə isə qarşı tərəf üstündür. Birincisi, Suqovuşanı Ordu Korpusunun 6 taboru qarşı tərəfin 9 taboruna qarşı döyüşərək işğaldan azad etmişdi. Bundan əlavə, erməni tərəfi Tovuz və Qazax istiqamətindəki bölmələrini də Murov istiqamətindən korpusun qarşısına atmışdı. Əsas məsələ isə, korpusun artilleriyası gecə-gündüz Ağdam rayonunun Papravənd kəndindən keçən yolu atəş altında saxlayırdı. Əgər bu uğursuz olsa idi, qarşı tərəfin cənubdakı bölmələri şimala axın edəcəkdi. Azərbaycan ordusu Şuşanın başının üstünü alanda qarşı tərəf çox cəhd etdi ki, qüvvələri həmin istiqamətə atsın, ancaq bacarmadı. Azərbaycan ordusu həmin istiqamətdə təkcə müdafiə olunmadı, manevrlərlə, aldadıcı və yayındırıcı hücumlarla qarşı tərəfin hücum etməyinə belə imkan vermədi. Yezid üçün ağlamaq da lazımdır deyəndə bunu nəzərdə tuturdum.

İddia edənlər var ki, bu səs yazısı Nəcməddin Sadıkovun vurulması üçün ortaya atılıb. Fikrinizcə, Nəcməddin Sadıkovu vəzifəsindən azad etməkdən böyük vurğu ola bilməz? Hətta bir qədər irəli gedib deyə bilərəm ki, bu ordu daxilindəki qrupların savaşı da ola bilməz. Ehtiyatda və xidmətdə olanlar inciməsin, ancaq orduda bu qədər çoxşaxəli hücumu düşünəcək, montaj edib səsi dəyişdirəcək “beyinlər”in olmasından şübhəliyəm. Ordu daxilindəki qrupların apardığı kompromat savaşını izləyən biri kimi deyə bilərəm ki, bu məsələ onların boyunu aşır.

Azərbaycana qarşı hibrit müharibəsinin getdiyini açıq şəkildə görmək mümkündür. Hesab edirəm ki, bu səs yazısı sonuncu olmayacaq, məqsədlərinə çatmaq istəyən qruplar, qüvvələr bunu davam etdirəcəklər.

Azərbaycan xalqı həsrətində olduğu qələbənin dadını çıxara bilməyib, hələ də bilmir. Buna heç cür imkan vermirlər.

Bu dalğa da həmin güclərin savaşının bir parçasıdır.

Səxavət Məmməd
www.yenicag.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]