ABŞ-ın Nyu-York şəhərində yaşayan yeniyetmə müğənni Elana Keniq Nyu-York Mets oyunları çərçivəsində stadiondakı səhnəyə parlaq Zəfərimizin rəmzi olan “Xarı bülbül” kulonlu boyunbağı ilə çıxıb.
50 min tamaşaçı qarşısında ABŞ-ın dövlət himnini səsləndirən 14 yaşlı Elananın ifası maraqla və alqışlarla qarşılanıb.
Qeyd edək ki, 7 yaşında onkoloji xəstəliyə tutulan Elana artıq bu xəstəliyə qalib gəlib. Sonra isə xəstəliklə mübarizə aparan uşaqlara, o cümlədən azərbaycanlı uşaqlara dəstək olmaq məqsədilə Keniq Uşaq Onkologiya Fondunu (Koenig Childhood Cancer Foundation – KCCF) təsis edib. ABŞ-ın tanınmış şəxslərinin dəstəyi nəticəsində fond öz fəaliyyətini inkişaf etdirə və genişləndirə bilib.
Elana fəal həyat tərzi sürür. ABŞ və Türkiyənin bir çox aparıcı kanallarına müsahibələr verir, müxtəlif konsertlərdə çıxış edir. Onun bəstələdiyi “Fight song” mahnısı “Instagram”da çoxlu sayda baxış toplayıb.
Elana mübarizliyi ilə insanlara nümunə olub. Onun fotosu Nyu-Yorkun “Times Square” meydanındakı bilbordda nümayiş etdirilib və marafon iştirakçılarını ruhlandırıb.
Elananın anası Azərbaycan əsilli amerikalı Rəna Keniqdir. O, Azərbaycan dilini anasından öyrənib. Rəna xanım xeyriyyəçilik fəaliyyətində övladına böyük dəstək göstərir.