“Naxçıvanın bütün strukturları yoxlanmalıdır, nəhəng cinayətlər ortaya çıxacaq” – AÇIQLAMA

“Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyata nəzər salsaq, burada hər şey qanuna uyğun baş verib”.

Aktualtv.az xəbər verir ki bu sözləri “Unikal”a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. 

O bildirib ki, uzun illərdir Naxçıvan faktiki olaraq Azərbaycana tabe olmur:

“Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından fərqli digər sərəncamlar verilir. Naxçıvanda xalqın hüquqlarının kobud şəkildə pozulması, insanların təqiblərə məruz qalması, incidilməsinə dair minlərlə faktlar var. Bu faktlar Naxçıvanda vəziyyətin olduqca ağır olduğunu göstərir. 

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi son əməliyyatdan sonra da məlum oldu ki, Naxçıvanda aparılan bu siyasətin məqsədi korrupsiyanı sərbəst şəkildə həyata keçirmək olub. Mən DTX-nin əməliyyatlarının milli maraqlarımıza uyğun bir iş hesab edirəm. 

Naxçıvana formal olaraq muxtariyyət verilib. Lakin, Naxçıvan rəhbərliyi həmin muxtariyyətin sərhədlərindən çıxaraq həddən artıq çox səlahiyyətləri mənimsəyib. Naxçıvan Muxtar Respublikası Azərbaycandan qopmuş şəkildə fəaliyyət göstərir. Azərbaycan və Naxçıvanın dövlət quruluşları da fərqlidir. Azərbaycan Prezidentli Respublikadır, Naxçıvan isə parlamentli Muxtar Respublikadır. 

Düşünürəm ki, Dövlət Təhlükəsizliyi Xidmətinin belə əməliyyatları Naxçıvanın bütün strukturlarında aparılmalıdır. Bu əməliyyatlar nəticəsində nəhəng cinayətlərin aşkarlanacağı şübhəsizdir”, – deyə partiya sədri qeyd edib.

Xatırladaq ki, noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Naxçıvan Muxtar Respublikası DGK-nin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu həbs edilib.

Cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]