ABŞ-Azərbaycan Mədəniyyət Fondunun nümayəndə heyətinin ölkəmizə səfəri yekunlaşıb

ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringerin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.

Azərbaycanın mədəniyyətinin və tarixinin tanıdılmasi, ölkəmizlə bağlı sənədli filmin çəkilişlərin aparılması, İsrail, ABŞ və Azərbaycan münasibətlərinin təşviq edilməsi  məqsədilə gerçəkləşdirilən səfər zamanı qonaqlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu, Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu, “Atəşgah məbədi” Tarixi Memarlıq Qoruğunu, Qobustan Milli Tarix-Bədii Qoruğunu, Şabran Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Qubanın Qırmızı qəsəbəsindəki sinaqoqlarla və Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış olublar.

Səfər zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və İsrailin Azərbaycandakı səfiri Corc Dik fondun rəhbəri Nurit Qringeri, onu müşayiət edən Los-Anceles yəhudi icmasının üzvləri Eti El-Kiss və Karen Koheni qəbul edib.

Görüş zamanı qonaqlar ölkəmizdə gördüklərinə heyran qaldıqlarını, müxtəlif xalqların nümayəndələri arasındakı qarşılıqlı hörmət və ləyaqəti xüsusi vurğulayıb, bu baxımdan ölkəmizin bütün dünyaya örnək olduğunu bildiriblər. Şeyxülislam Allahşükür Paşazadə təşəbbüskarı olduğu layihə ilə bağlı Nurit Qringerə təşəkkür edib, bu addımı dinindən və irqindən asılı olmayaraq, əsl insan qardaşlığının təzahürü kimi qiymətləndirib.

Sonra qonaqlar İkinci Qarabağ müharibəsində yaralanmış və İsrail həkimləri tərəfindən əməliyyat olunmuş azərbaycanlı qazi Arif Hacıyevlə birgə Gəncəyə və Şuşaya səfər ediblər. Gəncədə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini və Muzeyini ziyarət edən qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində şəhərin dağılan ərazilərinə baş çəkiblər. Onlar mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə tanış olub və həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına güllər düzüblər.

Şuşaya səfər zamanı qonaqlar Azərbaycanın görkəmli şəxsiyyətləri Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanına, Xurşidbanu Natəvanın evinə, Xan qızı bulağı olan əraziyə və Şuşa şəhərinin tarixi qala divarlarına baxış keçiriblər, Cıdır düzündə olublar.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində səfərin yekunlarına dair mətbuat konfransı keçirən Nurit Qringer  öz təəssüratlarını bölüşüb, təşkilatları barədə məlumat verib, Azərbaycan mədəniyyətinin ABŞ əhalisinə çatdırılması məqsədinə aydınlıq gətirib.

Nurit Qringerin rəhbərlik etdiyi nümatəndə heyəti qazi Arif Hacıyevlə birgə İsrailə yola düşüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]