Kanadada fəaliyyət göstərən ELTV Media Qrupu ingilis dilində “Həmrəylik” adlı videoçarx yayımlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gələn videoçarxda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən bəhs edilib. Bu günün əsasının 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran Azərbaycanının sərhəd sədlərinin söküldüyü vaxtdan qoyulduğu vurğulanıb. 16 dekabr 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdiyi, sonradan bu günün Azərbaycanda rəsmi bayram kimi ölkədə və dünyada qeyd olunduğu nəzərə çatdırılıb.
Qum üzərində rəsm üslubundan və bəstəkar Mikayıl Vəkilovun musiqisindən istifadə olunan videoçarxda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların 2020-ci ilin payızında – Vətən müharibəsi dövründə nümayiş etdirdikləri güclü birlik və həmrəyliyə diqqət cəlb edilib.
“Həmrəylik” videoçarxı ilk dəfə Diasporla İş üzrə Dövlət Komitəsinin 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil etdiyi “Bir olaq, həmrəy olaq!” adlı bayram videokonfransında təqdim edilib.
Videoçarxı aşağıdakı linkdən izləmək mümkündür: