Ali Məhkəmə deputat Etibar Əliyevin ittihamlarına cavab verdi

Ali Məhkəmə Milli Məclisinin deputatı Etibar Əliyevin parlamentin 23 dekabr tarixində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Aktualtv.az xəbər verir ki, Etibar Əliyev məlum çıxışından bir müddət əvvəl, yəni 2022-ci ilin 22 aprel tarixində Ali Məhkəmənin hakimi Abiddin Hüseynovun mobil telefon nömrəsinə dəfələrlə zəng etdikdən və buna cavab verilməməsindən sonra, “WhatsApp” vasitəsilə göndərdiyi mesajla özünü təqdim edib, telefon əlaqəsi yaratmasını xahiş edib.

“Sonradan baş tutmuş telefon danışığında deputat Etibar Əliyev hakimin icraatında olan bir mülki iş üzrə iddiaçıya köməklik göstərilməsini xahiş edib və hakim tərəfindən buna cavab olaraq iş üzrə qanuni və əsaslı qərarın qəbul ediləcəyi bildirilib.

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (məruzəçi hakim Hüseynov Abiddin Qabil oğlu) 2022-ci il 13 iyun tarixli qərarı ilə, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməklə, deputat Etibar Əliyevin köməklik göstərilməsini xahiş etdiyi tərəfin iddiası əsassız olduğundan rədd edilib.

Qəbul edilmiş qərardan narazı qalan deputat Etibar Əliyev ilk fürsətdə ona deputat kimi təqdim edilmiş Milli Məclisin tribunasından öz şəxsi məqsədləri üçün istifadə edərək, Ali Məhkəmənin hakimi Abiddin Hüseynov barəsində qarayaxma kampaniyasına başlayıb”, – Ali Məhkəmənin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Ali Məhkəmənin digər hakimləri kimi Mülki kollegiyanın hakimi Abiddin Hüseynov da yüksək ixtisasa və zəruri peşəkarlığa malikdir.

Ali Məhkəmədən onu da bildiriblər ki, o, Azərbaycan Respublikasının Ədliyyə Akademiyasında hakimliyə namizədlərin və hakimlərin tədrisi qrupunun üzvüdür, habelə 2020-ci ildən ADA Universitetinin Hüquq fakültəsində Mülki proses fənnini tədris edir:

“Xüsusi olaraq bir daha vurğulanmalıdır ki, hakimlərin fəaliyyətinə kənar müdaxilə qanunla qadağan edilib və Azərbaycan Respublikasının Ali Məhkəməsi məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması istiqamətində öz səylərini davam etdirəcək.

Vəzifə borcunu vicdanla yerinə yetirən hakimə qarşı ədalətsiz və qərəzli hücumlar qətiyyətlə pislənir və media nümayəndələrinə dərc olunan məlumatları tam, hərtərəfli və obyektiv araşdırmaq, həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş, məhkəmə hakimiyyətinin nüfuzuna və cəmiyyətdə məhkəmələrə etimada zərbə vuran bu məlumatları yaymamaq tövsiyə olunur.

Milli Məclisin deputatı Etibar Əliyevin qərəzli ittihamları və hərəkətləri ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumuna müraciət ediləcək”.

Eyni zamanda, Ali Məhkəmə hakim Abiddin Hüseynovun diplomunun saxta olması ilə bağlı deputatın iddialarına cavab olaraq onların surətini də yayımlayıb./Oxu.Az/

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]