“Palmali Holding” Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Əlisuvar Məmmədovun adını daşıyan gəminin suya endirilməsi mərasimini keçirməklə 2022-ci ilin yekun vurdu.
Bununla da “Palmali” donanması şəhidimizin adını daşıyan növbəti gəmi ilə dünya sularında sayını çoxaltmış oldu. Şəhidimizin yaxınları gəmini görmək və yola salmaq üçün Türkiyəyə dəvət olundu. Tuzlanın Dentaş tərsanəsində dənizə buraxılan gəmini yola salarkən göz yaşlarını saxlaya bilmədilər.
Şəhidin həyat yoldaşı Pərvanə xanım Mübariz Mənsimova təşəkkür edərək, bu gəmi ilə ona yenidən həyat bəxş edildiyini söylədi. İlk xəbəri eşidəndə sevinən Pərvanə xanım gəmini yola salarkən çox kövrəldi, uğurlu yol diləyərək gəmini yola saldı. Mübariz Mənsimov, öz növbəsində, hər bir azərbaycanlının şəhidlərimizin adının yaşatmağa borclu olduğunu vurğuladı.
“Onlar bizim torpaqlar uğrunda şəhid oldu. Biz başı uca gezək deyə. Biz də, öz növbəmizdə, qəhrəmanlarımızı tanıdıb onları adlarını hər zaman uca tutmalıyıq”.
Qeyd etdiyimiz kimi, yeni gəmi 1992-1994-cü illər Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Əlisuvar Məmmədovun adını daşıyır. Baş leytenant Əlisuvar Əliheydər oğlu Məmmədov 10 mart 1957-ci ildə Şamaxı Rayonunun Dağ Göylər kəndində anadan olub.
Ağdərə-Laçın istigamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib və düşmən mövqeylərini bir necə dəfə məhv edərək, onları geri cekilməyə məcbur etmişdi. 1992-ci il 9 oktyabr tarixində Laçın rayonunun Pircahan kəndi yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.