Azərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər – AÇIQLAMA

Azərbaycana idxal edilən malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması idxal olunan məhsulların qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Gömrük Məcəlləsinə edilən dəyişikliklərin əsas istiqamətlərindən biri idxal edilən məhsulların gömrük dəyərinin daha qısa müddətdə müəyyənləşdirilməsindən ibarətdir.

“Əvvəlki dövrlərdə malların gömrük dəyərinin müəyyənləşdirilməsi bir neçə gün çəkirdi və nəticədə sahibkarlar məhsul idxal edən zaman bir neçə gün gömrük məntəqələrində qalmaq məcburiyyətində qalırdılar. Bu isə öz növbəsində əlavə xərclərin yaranmasına səbəb olurdu, bəzi hallarda isə qida məhsulların keyfiyyətinə təsir göstərirdi.

Gömrük Məcəlləsinə dəyişiklikdən sonra məhsulların gömrük dəyəri ən geci 24 saat ərzində müəyyənləşdiriləcək və sahibkarlara bununla bağlı məlumat veriləcək. Nəticədə idxalla məşğul olan sahibkarın xərclərində azalmalar olacaq.

Digər bir dəyişikliyə əsasən isə gömrük bəyannamələrinin, eləcə də bildirişlərinin yalnız kağız formada deyil, həmçinin elektron qaydada təqdim edilməsi ilə bağlıdır. Bu da sahibkarların xərclərinin azalmasına təsir edəcək. Çünki əvvəlki dövrdə kağız formada sənədin alınması üçün sahibkar gömrük orqanına getməli, növbədə dayanmalı idi, ancaq indi elektron formada həmin sənədləri ala biləcək. bütün bu dəyişikliklər sahibkarların xərclərinin azalmasına səbəb olacaq və bu da gözlənilir ki, idxal edilən məhsulların qiymətlərinə təsir göstərsin.

Yəni xərclərin azalması həmin məhsulların qiymətlərinin də ucuzlaşmasına imkan yaradacaq. Ancaq bunun bazarda qiymətlərə necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Təəssüf ki, bəzi hallarda sahibkarların xərcləri azalsa da onlar qiymət azalmalarına getmirlər. ancaq bütün hallarda xərclər azaldığı üçün sahibkarlar tərəfindən idxal edilən məhsulların qiymətlərində endirimlər ola bilər”, – deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclis dekabrın 27-də keçirilən plenar iclasında Gömrük Məcəlləsində dəyişikliyi üçüncü oxunuşda qəbul edib. Dəyişikliyə əsasən, malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması təklif olunur. Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində müraciətçiyə təqdim etməlidir. Qanun layihəsi malların gömrük sərhəd buraxılış məntəqələrindən buraxılışının, xüsusilə gömrük dəyərinin müəyyən edilməsi zərurəti ilə əlaqədar buraxılışının təkmilləşdirilməsi, bu sahədə gömrük orqanlarının öhdəliklərinin gücləndirilməsi, nəticədə malların daha sürətli keçidinin təmin edilməsi məqsədilə hazırlanıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]