BMT-nin Vyanadakı nümayəndəliyi önündə Azərbaycan ərazisində erməni ekoloji terroruna etiraz əlaməti olaraq dinc aksiya keçirilib.
Azərbaycan Akademik Birliyinin və Avstriya-Azərbaycan İş Adamları və Mədəniyyət Dərnəyinin (AZER-DER) birgə təşkilatçılığı ilə baş tutan aksiyada diaspor fəalları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etirazlarını bildiriblər.
Aksiya zamanı “Azərbaycanın təbii sərvətlərinin talanmasına etiraz edirik!”, “Erməni ekosidinə son!”, “Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!” tələblərinin əks olunduğu plakatlar nümayiş etdirilib. Bu addımla diaspor fəalları Laçın-Xankəndi yolunda aksiya keçirən azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin və könüllülərin tələbləri ilə həmrəy olduqlarını bəyan ediblər.
Aksiya iştirakçıları xaricdə yaşayan soydaşlarımızın da Azərbaycan ərazisindəki yeraltı və yerüstü sərvətlərin Ermənistan və erməni separatçıları tərəfindən talanmasına göz yumulmayacağına, ölkəmizin Qarabağ iqtisadi rayonunda törədilən ekoloji terrorun artıq ümumbəşəri problemə çevrildiyinə diqqəti cəlb ediblər.
Aksiya ilə maraqlanan yerli sakinlərin nəzərinə çatdırılıb ki, 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan ərazilərindəki təbii sərvətlər ermənilər tərəfindən talan olunub, sular çirkləndirilib, 60 min hektara yaxın meşə sahəsi məhv edilib. Dünya ictimaiyyəti Qarabağda müharibənin nəticələrini aradan qaldırmaq istiqamətində ciddi səylər göstərən və genişmiqyaslı quruculuq işləri aparan Azərbaycanın haqq səsinə səs verməli, ermənilərin ekoloji terroruna son qoyulması məqsədilə əməli addımlar atılması üçün çağırışlar etməlidir.