Çexiyada ərzaq qiymətləri artmaqda davam edir.
Çexiya Statistika İdarəsinin məlumatına görə, son 7 ayda Çexiyada pərakəndə satışların azalmasına baxmayaraq, ərzaq məhsullarının qiymətlərində artım davam edir.
AktualTV.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsindən sonra dünya iqtisadiyyatlarında yaşanan neqativ vəziyyət Çexiya iqtisadiyyatına da təsir edib. Çexiya Statistika İnstitutunun verdiyi açıqlamaya görə, noyabr ayında qeyri-ərzaq mallarının pərakəndə satışında 9,6 faiz, ərzaq məhsullarının pərakəndə satışında 9,2 faiz, ümumilikdə isə pərakəndə satışda 8,7 faiz azalma qeydə alınıb. Çexiya Statistika İdarəsinin illik müqayisəsində əczaçılıq məhsullarının satışı 5,8 faiz, məişət məhsullarının satışı 12 faiz, elektron malların satışı 8,4 faiz, geyim və ayaqqabı satışı isə 5,1 faiz azalıb.
Ərzaq məhsullarının istehsal xərclərinin çoxalması əsas ərzaq məhsullarının satış qiymətlərinin artmasına səbəb olub. Ötən illə müqayisədə bir kilo şəkər tozunun qiyməti 95 faiz artdığı halda, yumurtanın qiyməti 72 faiz, marqarinin qiyməti isə 53 faiz artıb. Rəsmilər qiymət artımının elektrik enerjisi və qazın yüksək qiymətləri, plastik, şüşə və kağız kimi materialların olmaması və Ukraynadakı müharibənin əvvəllər idxal edilən buğda, günəbaxan yağı və soya kimi kənd təsərrüfatı məhsullarının idxalını kəsməsi ilə bağlı olduğunu deyir.