Yeni hökumət başçısının rəhbərliyi ilə Nazirlər Kabinetinin ilk iclası yanvarın 25-də keçiriləcək.
Aktualtv.az xəbər verir ki, Yeni Zelandiyanın təhsil və ictimai xidmətlər naziri Kris Hipkins bazar günü hakim İşçi Partiyasının və ölkənin yeni lideri seçilib. Casinda Ardernin istefasından sonra o, baş nazir kimi hökumətə rəhbərlik edəcək. Bu barədə yerli “The New Zealand Herald” nəşri məlumat yayıb.
Gözlənildiyi kimi, Hipkinsin Yeni Zelandiya İşçi Partiyasının yeni lideri seçilməsindən dərhal sonra Ardern istefasını general qubernatora təqdim edəcək və ölkənin yeni, 41-ci baş naziri and içəcək. Yanvarın 25-i çərşənbə günü yeni hökumət başçısının rəhbərliyi ilə Nazirlər Kabinetinin ilk iclası keçiriləcək.
Daha əvvəl jurnalistlərə açıqlama verən Hipkins “səbirsizliklə və həvəslə baş nazir kimi işə başlamaq fürsətini gözlədiyini” söylədi. “Bu, böyük bir imtiyaz və böyük məsuliyyətdir”,-deyə vurğulayıb.
Murad Ramizoğlu/Aktualtv.az










