Qafqaz uğrunda böyük oyun

Caliber.az-ın redaksiyasına Avropa İttifaqının Ermənistandakı missiyasının mandatının təfərrüatları məlum olub. Aİ-nin rəsmi saytında yerləşdirilmiş 32023D0162 “Aİ-nin Ermənistandakı missiyası haqqında 23 yanvar 2023-cü il tarixli 2023/162 saylı Şuranın Qərarı” sənədinin mətnini diqqətlə oxusaq, ağla gələn ilk fikir budur: bu, həqiqətənmi, mülki missiyadır?

Mandat və struktur: hərbçi və kəşfiyyatsız keçinmədilər

Həqiqətən də missiyanın strukturu mülki missiyadan daha çox hərbi kontingentə bənzəyir. “Strateji məqsəd Ermənistanın münaqişədən zərər çəkmiş və sərhədyanı ərazilərində insidentlərin sayını azaltmağa, belə ərazilərdə yaşayan əhali üçün risk səviyyəsini azaltmağa kömək etməkdir”; “təhlükəsizlik vəziyyəti haqqında ətraflı məlumatlılıq”; “Mülki əməliyyatlar komandiri”; “Missiya rəhbərinə missiyanın təhlükəsizlik üzrə əməkdaşı kömək edəcək” və s. Ancaq bu kontekstdə bütün bunlar hələ son deyil.

Caliber.Az-ın məlumatına görə, missiyanın rəhbəri 2020-ci ildən Ştutqart polis idarəsinin rəisi vəzifəsində çalışan alman Markus Ritter olacaq. Ritterin təcrübəsi polisdən daha çox hərbçi təcrübəsinə bənzəyir: o, Aİ-nin İraqdakı məsləhətçi missiyasına rəhbərlik edib, Aİ və BMT-nin Cənubi Sudan, Gürcüstan və Kosovodakı missiyalarında xidmət edib, həmçinin Almaniyanın Əfqanıstandakı səfirliyində polis müşaviri olub. Bununla belə, almanın təyinatı faktı Berlin və Paris arasında razılaşdırılmış oyunun nəticəsidir, çünki bu mərhələdə Fransa kölgədə qalmaq istəyir. Lakin Parisin nümayəndəsi Şarl Fris, əvvəlki materiallarımızda qeyd etdiyimiz kimi, Aİ tərəfindən bütün əməliyyatın kuratorudur. Bununla belə, təkcə Aİ missiyasının alman komandiri deyil, həm də onun əməkdaşlarının böyük əksəriyyəti müxtəlif Qərb ölkələrinin elit bölmələrinin istefada olan hərbçiləri və aktiv kəşfiyyatçılarıdır.

Rus dilini bilən polyaklar və Baltik ölkələrin nümayəndələri missiyada xüsusilə fəal iştirak edirlər. Burada “Avropa İttifaqının Ermənistandakı missiyası haqqında Şura Qərarı”nın 6-cı maddəsi qeyd edilməlidir: “Tələb olunan funksiyalar üzv-dövlətlər tərəfindən ezam olunmuş kadrlar tərəfindən yerinə yetirilə bilmədikdə, beynəlxalq və yerli kadrlar müqavilə əsasında missiya tərəfindən işə götürülə bilər”.

Missiya rəsmi olaraq “Aİ missiyası” hesab edilsə də, onun faktiki idarə edilməsi ötən ildən, Bosniya və Əfqanıstanda xidmət etmiş ABŞ Hərbi Hava Qüvvələrinin generalı Kristofer Kavolinin rəhbərlik etdiyi NATO-nun Avropadakı Ali Komandanlığı ilə sıx koordinasiya əsasında həyata keçirilir. NATO ilə birbaşa əlaqə və ABŞ-ın alyansdakı dominant rolunu nəzərə alsaq, Vaşinqtonun bu təşəbbüsdə rolu ilə bağlı suallar yaranır. Bu rol dolayı yolla, ənənəvi olaraq Amerikanın maraqlarını Avropa maraqlarından üstün tutan Baltik ölkələrin nümayəndələrinin və polyakların Aİ missiyasına cəlb olunması ilə təsdiqlənir. Axı məlumdur ki, polyaklar da, pribaltlar da ABŞ-ın Avropa İttifaqında və NATO-da bir növ beşinci kolonudur. Yeri gəlmişkən, kiçik bir ştrix – Kristofer Kavoli Qərargah Rəisləri Komitəsinin strateji siyasət və planlaşdırma departamentində Rusiya istiqamətinin direktoru vəzifəsində çalışıb. İndi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında bərk əsəbiləşdilər.

Missiyanın daha çox hərbi-kəşfiyyat xarakterli olmasına, qarşıdakı həftələrdə Ermənistanda Qərbin əsas səfirliklərində hərbi attaşelərin (onların sayını 2-3 nəfərə çatdırmaqla), habelə rezident- kəşfiyyatçıların (bir qayda olaraq, səfirliklərin birinci katibləri) sayının artırılmasının gözlənilməsi faktı da işarə edir. Missiyanın nəzdində informasiya-psixoloji əməliyyatlar mərkəzi (CIPSO) fəaliyyət göstərəcək ki, onun məqsədi Ermənistanda Rusiyanın təsirini sıfıra endirmək, rusiyayönlü siyasətçiləri gözdən salmaq və Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini geniş yaymaq olacaq. Bəlkə buna görə yuxarıdakı qərarın 10-cu maddəsində məxfilik bəndi var? Oxuyur və nəticə çıxarırıq: “Missiya rəhbəri 2013/488/EU saylı Şura Qərarına uyğun olaraq Aİ məxfi məlumatlarının mühafizəsini təmin etməlidir”.

Əlimizdə olan məlumatlara görə, “Aİ missiyası”nın arxasında duran qüvvələr Ermənistan ordusu, o cümlədən Ermənistan xüsusi təyinatlıları üçün hərbi-təlim proqramları hazırlayıb. O cümlədən, hazırda Ermənistan Xarici Kəşfiyyat Xidmətinin nəzdində sıfırdan yaradılan xüsusi təyinatlılar üçün ayrıca proqram nəzərdə tutulub. Yeri gəlmişkən, missiya ən son kəşfiyyat avadanlıqları, o cümlədən Amerika istehsalı olan müasir PUA-larla təchiz olunacaq. Burada əsas kəşfiyyat hədəfləri İran və Türkiyə olacaq.

Missiyanın büdcəsi də diqqəti cəlb edir. “Aİ-nin Ermənistandakı missiyası haqqında Şura Qərarının” 13-cü maddəsinə əsasən, bu Qərarın qüvvəyə minməsindən sonra dörd ay ərzində missiya ilə bağlı xərcləri ödəmək üçün nəzərdə tutulan əsas maliyyə məbləği 8,103,590,82 avro təşkil edir. Yəni, bu, ildə 24 milyon avrodan çox olan məbləğdir. Mülki missiya üçün olduqca böyük bir rəqəmdir. Amma yuxarıda göstərilənlərin hamısını nəzərə alaraq, yenə də bu missiyanı “mülki” adlandırmaq olarmı?

Aİ-nin “mülki” missiyasının məqsədləri

İndi isə biz yavaş-yavaş bu mülki-hərbi-kəşfiyyat missiyasının təşkilatçılarının hansı real məqsədlər güddüyü sualına yaxınlaşırıq. Və burada hər şey aydındır: missiyanın strukturlarında əks olunan üç əsas məqsəd güdülür.

Birinci və, bəlkə də, ən yüksək prioritet məqsəd regionda Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti aparmaq, onu Ermənistandan sıxışdırıb çıxarmaq, yerli rus kontingenti və onun şəxsi heyəti arasından casuslar cəlb etmək, Ermənistan ərazisində Rusiya hərbi obyektlərinin fəaliyyəti haqqında məlumat toplamaqdır. Prioritet Rusiya hərbi bazasının yaxın iki il ərzində Gümrüdən çıxarılmasıdır ki, bu da Aİ ölkələrinin (Fransa) Ermənistanda uzunmüddətli hərbi bazasının yaradılmasına zəmin yaradacaq.

İkinci məqsəd İrana qarşı kəşfiyyat fəaliyyətidir. İrana qarşı təxribat əməliyyatlarının idarə edilməsi Ermənistandan həyata keçiriləcək. Bu gün Tehranda çoxlarına aydın olmalıdır ki, İran Azərbaycanla münasibətlərin zərərinə Ermənistanla yaxınlaşmağa qərar verərək böyük strateji səhvə yol verib, çünki İran üçün ən böyük regional təhlükə indi oradan gələcək.

Və nəhayət, üçüncü məqsəd regionda Türkiyə-Azərbaycan birliyinin güclənməsinin qarşısını almaq, xüsusilə də, Zəngəzur dəhlizinin açılmasına yol verməmək və ya, heç olmasa, nəzarətə götürməkdir. Hələ 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycan tərəfi ilə təmaslar zamanı Fransa müxtəlif kanallarla açıq şəkildə bəyan edirdi ki, onun əsas problemi Türkiyənin mövqelərinin möhkəmlənməsidir. Lakin burada söhbət təkcə Fransanın ambisiyalarından deyil, daha qlobal qarşıdurma mənzərəsindən gedir.

Türk dünyasının zəifləməsi ilə dolayı yolla Çinin kommunikasiya layihələrinə əngəl törətmək də mümkün məqsəd ola bilər.

Tarix təkrarlanır

Yekunda əminliklə deyə bilərik ki, bu gün Qafqaz uğrunda böyük geosiyasi oyun başlayıb. Qərb bloku Ermənistandan (bu ölkənin tarixini və himayədarlarına xəyanət etmək meylini nəzərə alsaq, təəccüblü deyil) 44 günlük müharibədən sonra güclənən Türkiyə-Azərbaycan “müsəlman” tandeminə qarşı və bölgədən yayındırılmış, “Ukrayna tələsinə” tutulmuş Rusiyanın fonunda bir alət kimi istifadə edir. Ermənistana Cənubi Qafqaz Livanı rolu verilir. Ancaq vəziyyəti və burada iştirak edən aktorların sayını nəzərə alsaq, onun nəinki dünya səhnəsində, hətta bölgədə öz çəkisinə uyğun gəlməyən bir oyuna girərək Suriyanın taleyini bölüşməsi ehtimalı daha yüksəkdir.

Aydındır ki, Rusiyanı və, Qərbin fikrincə, regional güclər olan İranın və Türkiyənin timsalında digər “itaətsizləri” mühasirəyə almaq üçün məqsədyönlü strategiya həyata keçirilir. Əgər əvvəllər bu daha çox “yumşaq güc”, iqtisadi rıçaqlar, “rəngli inqilablar” vasitəsi ilə həyata keçirilirdisə, indi artıq hərbi-kəşfiyyat-təxribat fəaliyyəti ilə sərt gücə keçirlər. Məhz Qərb ölkələrinin baş qərargahlarının və kəşfiyyat xidmətlərinin gizli otaqlarında işlənib hazırlanmış bu sxemə görə, Türkiyənin əleyhdarları (Yunanıstan, PKK) müasir silahlarla təchiz olunur, İranın sərhədləri boyunca isə anti-İran koalisiyası qurulur. Qafqaz uğrunda böyük mübarizə hələ ilkin mərhələsindədir. Üstəlik, təkcə Cənubi deyil, həm də Şimali Qafqaz, çünki Ermənistandan sonra növbəti məqsəd Şimali Qafqazdır: Ermənistanda yerləşən Aİ-nin müşahidə (mahiyyət etibarilə, hərbi-kəşfiyyat) missiyası ilə Gürcüstandakı Avropa missiyası arasında koordinasiyalı iş aparılacaq, yəni XIX əsrdə Şeyx Şamil hərəkatı Qərb ölkələri tərəfindən dəstəkləndiyi zamanlarda olduğu kimi. Tarix təkrarlanır. Bununla belə, həmişə sürprizlərlə doludur. Düşünürük ki, yaxın gələcəkdə Azərbaycanın Türkiyə (və digər dost ölkələr) ilə sıx müttəfiqlik şəraitində bütün regionun sülhü və təhlükəsizliyi naminə bir daha qeyri-standart yanaşma nümayiş etdirəcəyi maraqlı hadisələrin şahidi olacağıq.

AKTUALTV.AZ

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]