Aviasiya nəhəngi “Boeing” 346 nəfərin ölümü ilə nəticələnən iki təyyarə qəzası ilə bağlı iddialara məhkəmədə cavab verəcək.
Sözügedən qəzaların 737 Max tipli təyyarənin uçuş idarəetmə sistemlərindəki qüsurlardan qaynaqlandığı müəyyən edilib.
Sistemlə bağlı məlumatı açıqlamadığını bildirən şirkət 2,5 milyard dollarlıq ödənişlə güzəştə gedib.
Efiopiya və İndoneziyada baş verən qəzalarda həyatını itirənlərin yaxınları ABŞ məhkəməsində Boeing nümayəndələri ilə üz-üzə gələcək.
Bu, şirkətin iki qəzaya görə məhkəmədə rəsmi ittiham irəli sürdüyü ilk hadisədir.
iki təyyarə qəzası
Aktualtv.az xəbər verir ki, İndoneziyada 29 oktyabr 2018-ci ildə Lion Airlines aviaşirkətinə məxsus “JT 610” reys nömrəli Boeing “737 Max 8” tipli təyyarə Cakartadan Sumatra adasındakı Panqkal Pinanq şəhərinə qalxdıqdan qısa müddət sonra dənizə düşüb. 189 nəfərin həyatını itirdiyi qəza “bu tip təyyarələrin ilk qəzası” kimi tarixə düşüb.
Efiopiya Hava Yollarına məxsus Boeing “737 Max 8” tipli sərnişin təyyarəsi 10 mart 2019-cu ildə Keniyanın paytaxtı Nayrobiyə getmək üçün Əddis-Əbəbədən havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb və göyərtəsində olan 157 nəfərin hamısı həlak olub. Efiopiyada baş verən qəzadan sonra Türkiyə, Çin, Efiopiya, İngiltərə, Almaniya, Fransa, Hollandiya, Avstriya kimi bir çox ölkə “Boeing 737 Max” tipli təyyarələrin fəaliyyətini müvəqqəti olaraq dayandıraraq, hava məkanlarını bu uçuşlar üçün bağlayıb.
Müəyyən edilib ki, hər iki qəza təyyarələrdə hündürlük bucağını tənzimləyən sensorlar arasında məlumatların uyğunsuzluğu səbəbindən baş verib.
