Fransada təqaüd yaşının artırılmasına qarşı növbəti kütləvi etirazlar keçirilir. Etirazlar təqaüd yaşının 62-dən 64-ə qaldırılmasına görə başlayıb.
Aktualtv.az xəbər verir ki, bu gün ölkədə ictimai nəqliyyat və təhsil sahəsində çalışanlar etirazlara qoşulduğu üçün milyonlarla vətəndaş alternativ nəqliyyat vasitələri tapmalı, evdən işləməli və ya məktəb yaşlı uşaqlarına baxmaq üçün vaxt ayırmalı olub. Paytaxtın nəqliyyat operatoru bildirib ki, Paris metrosu və şəhərətrafı dəmir yolu xidmətləri ciddi şəkildə məhdudlaşdırılıb.
Ölkənin dəmir yolu operatoru isə yüksək sürətli qatarların yalnız üçdə birinin işləyəcəyini proqnozlaşdırır və insanları evdən işləməyə çağırır. Fransanın Daxili İşlər Nazirliyi mümkün toqquşmalara qarşılıq ölkə üzrə təxminən 11 min polis əməkdaşını xidmətə səfərbər edib, onlardan 4 minini Parisdə yerləşdirib.
Xatırladaq ki, yanvarın 19-da ölkədə təqaüd yaşının qaldırılmasına qarşı keçirilən aksiyalarda təqribən 1,1 milyon insan iştirak edib.
Səbinə Kərimova /aktualtv.az










