Avropa ölkələri təbii qaz istehlakı səviyyəsini azaltmasalar, gələn qışda ciddi problemlər yaşayacaqlar.
Aktualtv.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Enerji Agentliyinin (BEA) direktoru Fatih Birol Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən seminarda səsləndirib.
BEA rəhbəri əlavə edib ki, Avropanın bəxti gətirib ki, bu qış mülayim keçib. “Gələn qışda baş verəcək vəziyyətdən narahatıq”, – deyə o vurğulayıb. Birolun sözlərinə görə, bunun iki səbəbi var. Birincisi, Avropa son bir neçə ayda hələ də Rusiya qazını alır, lakin bu əvvəlkindən xeyli azdır. İkincisi, keçən il tarixdə ilk dəfə olaraq Çinin mayeləşdirilmiş təbii qaz idxalı azalıb. Birolun dediyi kimi, Avropa bazarlardan daha çox LNG əldə etməkdə şanslı olub. Ancaq 2023-cü ildə Rusiya qazı təchizatı artıq mövcud olmaya bilər. Çox güman ki, Çin əsas LNG idxalçısı olacaq. Həmçinin, 2023-cü ildə bazarlarda görünəcək yeni LNG tutumlarının sayı yaxın tarixdə ən aşağı göstəricidir.
Beynəlxalq Valyuta Fondu yanvarın 30-da hesabatını yeniləyərək bildirib ki, Avropa ölkələri Rusiyadan tədarükün kəskin azalması səbəbindən gələn qışda təbii qaz ehtiyatlarını doldurmaqda çətinlik çəkəcək.
Səbinə Kərimova /aktualtv.az










