ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü Əfqanıstanda qadınlara qarşı ayrı-seçkilik siyasəti ilə əlaqədar Taliban (Rusiyada qadağan edilmiş) nümayəndələrinə viza məhdudiyyəti qoyub. Blinkenin bəyanatını Dövlət Departamentinin mətbuat xidməti yayıb.
Amerika hökuməti Talibanın hərəkətlərini kəskin şəkildə pisləyir.
Aktualtv.az xəbər verir ki, sənəddə deyilir: “Birləşmiş Ştatlar əfqan xalqının yanındadır və bütün əfqanların, o cümlədən qadınların və qızların insan hüquqlarına və əsas azadlıqlarına hörməti təşviq etmək və dərinləşdirmək üçün mümkün olan hər şeyi etməyə qərarlıdır”.
2021-ci ildə hakimiyyətə gəldikdən sonra Taliban İslam dəyərlərinə uyğun hesab etdikləri bəzi məhdudiyyətlər qoyub. O cümlədən, qadın teleaparıcıların hicab taxmasını məcbur edib, qadın aktyorların iştirakı ilə dramatik film və verilişlərin nümayişini qadağan ediblər.
Xatırladaq ki, keçən ilin dekabrında Taliban Əfqanıstan universitetlərində qızlar üçün dərsləri dayandırdı, qadınların universitetlərdə olmasını qadağan etdi və qadınların bütün milli və beynəlxalq qeyri-hökumət təşkilatlarından qovulmasını əmr etdi.
Bu qərarlar bəzi xarici dövlətlər və beynəlxalq təşkilatlar, xüsusilə də BMT tərəfindən tənqid dalğasına səbəb olub.
Murad Həsənov /aktualtv.az










