Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna-Aİ sammitindən sonra Avropa İttifaqı rəsmilərinin bəyanatları Avropa İttifaqının vaxtilə qurulduğu prinsipləri tamamilə alt-üst edir.
Aktualtv.az xəbər verir ki, “Rusiyanı zəiflətmək, ABŞ və NATO-nun hegemon istəklərinə xidmət etmək üçün Avropa İttifaqı Kiyevdəki rejimi dəstəkləməkdə davam edir”, – Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda deyilir.
Zaxarovanın sözlərinə görə, Ukraynanın Aİ-yə qəbulu ilə bağlı verilən vədlər namizədlərə qoyulan tələbləri pozur, bununla da Ukraynada fərqli düşüncənin sıxışdırılmasını, söz azadlığının pozulmasını, dil və konfessiya hüquqlarının pozulmasını dəstəkləyir. O əlavə edib ki, Avropa rəsmilərinin Ukraynaya silah tədarükünə sərmayə qoymağa və hərbi əməliyyatları davam etdirməyə hazır olduqlarından danışarkən sülh çağırışları sual doğurur.
“Münaqişə üçün maliyyənin artırılması, yeni silah təchizatı, avadanlıq, təlim düşərgələrinin artırılması, Ukrayna Silahlı Qüvvələrinin təlim proqramlarının genişləndirilməsi – bütün bunlar münaqişə qurbanlarının, o cümlədən mülki əhali arasında da sayının artmasına gətirib çıxarır”, – deyə, Zaxarova bildirib.
Etibar Məmmədov/ aktualtv.az










