Avropa İttifaqı Gürcüstan hakimiyyətinə xəbərdarlıq edib.
Aktualtv.az xəbər verir ki, ittifaqın xarici əlaqələr xidmətinin sözçüsü Peter Stano Rusiya ilə uçuşları bərpa etmək istəyən Gürcüstana sanksiyalarla bağlı xatırlatma edib. O, Tbilisini Aİ tərəfindən Rusiyanın aviasiya sahəsinə tətbiq edilən sanksiyalara əməl etməyə çağırıb. Stano qeyd edib ki, Aİ-nin sanksiya rejimi Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən yayınmağı dəstəkləyənlərə qarşı ikinci dərəcəli sanksiyalar nəzərdə tutur.
Siyasətçi onu da əlavə edib ki, Gürcüstan “təhlükəli Rusiya təyyarələrini öz ərazisinə buraxmamalıdır”, çünki Rusiya təyyarələrinin 95%-i sanksiyalara görə lazımi təhlükəsizlik standartlarını qoruya bilmir.
Qeyd edək ki, Yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Gürcüstanla hava əlaqələrinin tezliklə bərpasına ümid edir. Hakim “Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze Lavrovun təklifini dəstəkləyib, lakin Gürcüstan prezidenti Salome Zurabişvili Moskva ilə uçuşların bərpasını müsbət qarşılamadığını söyləyib.
Etibar Məmmədov / aktualtv.az










