Myanma hərbi hakimiyyəti “dövlətə sədaqətlərini” sübut etmiş yetkin mülki şəxslərə silah verilməsinə icazə verib.
Aktualtv.az xəbər verir ki, Nikkei qəzetinin yerli mənbələrə istinadən məlumatına görə, söhbət ilk növbədə istefada olan hərbçilərdən və ölkənin hazırkı administrasiyasının digər tərəfdarlarından gedir.
Bildiriş Myanma Daxili İşlər Nazirliyi tərəfindən göndərilib. Orduya dəstək olmaq üçün yaradılan könüllü dəstələrə də silah tədarükünə icazə verilir.
Xatırladırıq ki, Myanmada 2021-ci il fevralın 1-də baş vermiş hərbi çevrilişdən bəri, silahlı qruplar devrilmiş mülki hökuməti dəstəkləmək üçün fəaliyyət göstərdiyindən vəziyyət gərgin olaraq qalır. Yomiuri qəzetinin məlumatına görə, Myanmanın hərbi idarəçiliyinə qarşı çıxan müxalif qrupların sayı 65 minə qədərdir və onlar partizan fəaliyyətlə məşğuldurlar.
Fevralın 1-də, çevrilişin ikinci ildönümündə Myanma hərbi hakimiyyət orqanları qeyri-sabitliyin davam etməsi fonunda fövqəladə vəziyyəti daha altı ay uzadıb. O cümlədən ölkənin 330 rayonundan 132-nin hələ də asayişi bərpa edə bilmədiyi bildirilib.
Etibar Məmmədov / aktualtv.az










