Əyalət hökumətinin verdiyi məlumata görə, Braziliyanın San-Paulu ştatına leysan yağışı gətirən tropik qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb. Daha əvvəl 24 nəfərin öldüyü bildirilmişdi.
Ötən gün aylıq yağıntıdan ən çox təsirlənən San Sebastian və Bertioqada bu rəqəm 627 ilə 683 mm arasında rekord həddə çatıb. Pis hava şəraiti çoxsaylı daşqın və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub. San-Paulu ştatının eyniadlı paytaxtını sahilyanı ərazilərlə və qonşu Rio-de-Janeyro ilə birləşdirən əsas magistral yollarda yol əlaqəsi kəsilib. Yerli rəsmilərin bildirdiyinə görə, onlarla insan dağıntılar altında qalmaqda davam edir.
Beş bələdiyyədə fövqəladə vəziyyət elan edilib. Bir çox ərazilərdə su və elektrik enerjisi kəsilib, mobil rabitə işləmir. Fəsadlarla mübarizəyə 100-dən çox xilasedici cəlb olunub. Onlara kömək etmək üçün ordu aviasiyası göndəriləcək.
Hadisə ilə əlaqədar olaraq yerli hakimiyyət orqanları karnaval şənliklərinə həsr olunmuş bütün əyləncə tədbirlərini ləğv edib. Prezident Luiz İnasio Lula da Silva təbii fəlakətin nəticələrinin qarşısını almağa kömək edəcəyinə söz verib. Dövlət başçısı zərərçəkmiş əraziyə baş çəkmək üçün bazar ertəsi məzuniyyətinə fasilə verib.
Murad Həsənov / aktualtv.az