Misir prezidenti Əbdülfəttah əs-Sisi və Ukrayna prezidenti Vladimir Zelenski Ukraynadakı son hadisələri və qlobal ərzaq təhlükəsizliyi böhranını müzakirə ediblər.
Aktualtv.az xəbər verir ki, Misir Prezidentliyindən verilən yazılı açıqlamaya görə, Sisi ilə Zelenski arasında telefon danışığı olub. Görüş zamanı qlobal ərzaq təhlükəsizliyi sahəsində baş verən hadisələr, eləcə də Ukraynada humanitar sahədə olan məsələlər müzakirə edilib.
Dialoq və diplomatik həllə üstünlük verilməli olduğunu vurğulayan Sisi, Rusiya-Ukrayna böhranının siyasi həllini sürətləndirmək üçün bütün səylərin danışıqlar yolu ilə dəstəkləyəcəyini bildirib.
Həmçinin başda Afrika olmaqla dünyanın bir çox xalqının ərzaq böhranından əziyyət çəkdiyini qeyd edən ikili, taxıl ixracı müqaviləsinin uzadılması istiqamətində davam edən səyləri müzakirə ediblər.
Qeyd edək ki, illik buğda ehtiyacının 80 faizini idxal edən Misir dünyada ən çox buğda idxal edən ölkədir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, keçən il 13,3 milyon ton buğda idxal edən Misirin ən böyük tədarükçüsü 8,96 milyon ton ilə Rusiya olub.
Səbinə Kərimova / aktualtv.az










