Yeni Zelandiya hökuməti rusiyalı siyasətçilərə, hərbçilərə və sahibkarlara qarşı yeni sanksiyalar elan edib.
Aktualtv.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Nanaya Mahuta cümə günü yaydığı bəyanatda bildirib.
“Bu gün biz Rusiyanın hərəkətlərini pislədiyimizi göstərmək üçün Rusiyaya qarşı ən böyük sanksiyalar paketini elan edirik. Prezident Putinə yaxın siyasi fiqurlar olan 87 Rusiya vətəndaşına qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq olunacaq”, – deyə Mahuta bildirib.
Nazir bildirib ki, yeni sanksiyalar siyahısına digərləri ilə yanaşı, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının üzvləri, münaqişədə fəal iştirak etmiş hərbi qulluqçular və hərbi birləşmələrin komandirləri, habelə onların ailə üzvləri də daxildir.
“Rusiyanın işğalına cavab olaraq Yeni Zelandiyanın gördüyü tədbirlərin miqyası və Ukraynaya dəstəyi misilsizdir, çünki Rusiya Federasiyasının hərəkətləri bütün dünyanın və ölkəmizin təhlükəsizliyinə və iqtisadi sabitliyinə təsir göstərir. ” – nazir vurğulayıb.
Xatırladaq ki, bu günə qədər Yeni Zelandiya Rusiya və Belarusun 1,2 mindən çox vətəndaşına qarşı aktivlərindəki əməliyyatları və əraziyə girişi qadağan edən sanksiyalar tətbiq edib. Bundan əlavə, Moskva ilə Vellinqton arasında ikitərəfli ticarətin de-fakto dayandırılması nəticəsində ciddi iqtisadi məhdudiyyətlər tətbiq edilib.
Səbinə Kərimova / aktualtv.az










