Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində “Heydər Əliyev yalnız Azərbaycanın deyil, ümumiyyətlə, dünya azərbaycanlılarının ümummilli lideridir” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Gürcüstan parlamentinin sabiq deputatı Hidayət Hüseynovun müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev haqqında fikirlərinə yer verilib.
Onun sözlərinə görə, xalqımızın dahi şəxsiyyəti ilə Gürcüstan parlamentinin deputatı olarkən 5 yanvar 1996-cı ildə ilk dəfə görüşüb: “Deputat həmkarlarım birinci mənim danışmağını məsləhət bildilər. Çox həyəcanlı idim. Azərbaycan dövlətinin rəhbəri, dünya miqyaslı siyasətçinin qarşısında çıxış etmək çox böyük məsuliyyət tələb edirdi. Mən Gürcüstan Prezidenti Eduard Şevardnadzenin salamlarını çatdırdım və bəzi məsələlər barədə danışdım. Sıxıntı keçirdiyimi hiss edən Heydər Əliyev özünəməxsus şəkildə sözümü kəsdi və dedi ki, “sən yaxşı danışırsan. Gürcüstan azərbaycanlıları Azərbaycan dilində bəzi nazirlərdən yaxşı danışırlar”. Bu zarafatyana replikası ilə məni ruhlandırdı”.
Sabiq deputat xatırladıb ki, məhz Heydər Əliyevin siyasi və zəngin dövlətçilik bacarığı nəticəsində Azərbaycan parçalanmaqdan xilas olub: “Onun 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində qətiyyətli və cəsarətli çıxışı, 1993-cü ilin iyun ayında Gəncəyə gedərək qardaş qırğınının qarşısını alması bizi çox sevindirdi. Heydər Əliyev dünyanın tarixi şəxsiyyətləri, siyasətçiləri arasında özüməxsus dəsti-xətti olan liderdir. O, təkcə Azərbaycanın və ya Gürcüstan azərbaycanlılarının deyil, dünya azərbaycanlılarının ümummilli lideridir. Biz hamımız şərəf və qürur hissi ilə deyirik ki, Heydər Əliyev heç zaman yaddaşlardan silinməyəcək”.
H.Hüseynov bildirib ki, Heydər Əliyevin qətiyyətli siyasət yürütməsi qonşu Gürcüstanla münasibətlərə də öz müsbət təsirini göstərib: “Ümummilli liderin 1996-cı ildə Tbilisidə soydaşlarımızla görüşü çox böyük tarixi əhəmiyyət kəsb edirdi. Görüş zamanı onun azərbaycanlıları diaspor deyil, aborigen xalq adlandırması sıradan məsələ deyildi. Heydər Əliyev bu bəyanatı ilə mühüm xəbərdarlıq etdi və nəzərə çatdırdı ki, Gürcüstanda yaşayan azərbaycanlılar tək deyil, onların arxasında Azərbaycan dövləti dayanıb. Onun bu sözləri tarixə düşdü. Gürcüstan azərbaycanlıları bunu unutmayacaqlar. Artıq neçə ildir Heydər Əliyev cismən aramızda deyil, amma onun adı və müqəddəs ruhu bizə dayaqdır. Biz onun əziz xatirəsini heç zaman unutmadıq və unutmayacağıq”.
Keçmiş deputat əlavə edib ki, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısının olması və Azərbaycanın hazırkı sürətli inkişafı Gürcüstandakı soydaşlarımızı çox sevindirir. “Ulu öndərimizin Prezident İlham Əliyev kimi siyasi lider yetişdirməsi tarixdə nadir hadisələrdəndir. Biz çox sevinir və şükür edirik ki, Azərbaycanımızın belə praqmatik, uzaqgörən, qətiyyətli və bacarıqlı dövlət başçısı var. Otuz ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızın 44 günlük müharibə nəticəsində azad edilməsi, müharibə və müharibədən sonrakı dövrdə İlham Əliyevin xarici KİV-lərə verdiyi müsahibələr, digər ölkələrin dövlət və hökumət başçılarına verdiyi cavablar onu bizim qürur mənbəyimizə çevirib”.