BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri, Macarıstan nümayəndəsi Çaba Köröşi Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana rəsmi səfərə gedib.
Aktualtv.az xəbər verir ki, bu barədə BMT rəsmisi “Twitter” hesabında məlumat verib. “Bakıda energetika naziri Pərviz Şahbazov və Azərbaycanın BMT-dəki Nümayəndəliyinin rəhbəri Yaşar Əliyev tərəfindən səmimi qarşılandım. Azərbaycanın məlumatlara, dəlillərə və elmə əsaslanan ağıllı enerjiyə keçidindən çox təsirləndim. Yaşıl enerji transformasiyasında liderlik edən ölkəyə səfərdən məmnunam”-deyə o paylaşımında bildirib.
Qeyd edək ki, Köröşinin Zirvə Görüşündə çıxışı, eyni zamanda ölkə başçısı ilə görüşü nəzərdə tutulub. Macarıstanlı diplomatın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da danışıqları planlaşdırılıb. Köröşinin səfəri martın 3-də başa çatacaq.
Büllur Məmmədova / aktualtv.az










