“Hacının ölümü heç də qəfil və sirli olmayıb”

“Əfsuslar olsun ki, Hacı Şahinin vaxtsız və qəfil vəfatı hamımızı çox üzdü. Amma apardığımız ilkin tibbi araşdırmalardan sonra bəlli oldu ki, hadisə heç də qəfil və sirli olmayıb”. 

Aktulatv.az xəbər verir ki, bu barədə millət vəkili, tanınmış ürək və damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında yazıb. 

O, Hacı Şahinin son illərdə müayinəsində olduğu bir çox həkimdən aldığı tibbi məlumatları bölüşüb: “Aldığımız ilkin tibbi (anamnestik) məlumatlardan bəlli oldu ki, Hacı Şahin Həsənli uzun illərdən bəri (2016-cı ildən) dəfələrlə ürək şikayətləri ilə həkimlərə müraciət edib. Hər dəfəsində də ona anjioqrafiya müayinəsinə mütləq ehtiyac olduğu bildirilib. Əfsuslar olsun ki, hər dəfəsində də bir bəhanə ilə müayinədən uzaqlaşıb. Dünən isə yenidən təcili yardıma kəskin ağrılarla müraciət edən mərhuma (kəskin koronar sindrom) xəstəxanaya yatmasının vacibliyi bildirilsə də, ilkin yardım sonrası ürək ağrısı keçincə yenidən öz istəyi və yaxınlarının imzalı sənədi ilə təcili yardımdan ayrılaraq evinə gedib. Təcili yardımda baxılan analizdə troponin dəyəri normadan yüksək çıxıb”. 

R. Mahmudovun sözlərinə görə, bu hadisə müalicə olunmayan ürək xəstəliyi səbəbindən baş verib: “Bir ürək həkimi kimi onu deyə bilərəm ki, nəticədə uzun illərdən bəri ondan imdad gözləyən ürəyi gecə yarısı qəfil və sirsiz bir şəkildə, geniş miqyaslı İnfarktla ölümə səbəb olmuşdur. Bütün bunlar bir daha göstərir ki, hadisə daha çox çarəsi olan, gəlirəm deyən, amma müalicə olunmayan ürək xəstəliyindən baş vermişdir. 

Bu tibbi məlumatı paylaşmaqda məqsədim cəmiyyəti az da olsa bilgiləndirmək və lazımsız şübhələrə son verməkdir. Əlbəttə ki, hüquq-mühafizə orqanları məsələni daha dərindən araşdıraraq, hər hansı bir suistimal və s. var isə hadisəyə aydınlıq gətirəcək”.

Qeyd edək ki, tanınmış ilahiyyatçı ötən gün 48 yaşında vəfat edib. TƏBİB Hacı Şahinin ürəktutmadan öldüyünü açıqlayıb. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]