Ermənistan Hindistandan dağlıq rayonlarda istifadə üçün 155 millimetrlik özüyeriyən haubitsa sistemi alır.
Aktualtv.az xəbər verir ki, Ermənistanın rəsmi xəbər agentliyi Armenpress-in Hindistan Müdafiə Araşdırma Qanadına əsaslanaraq verdiyi xəbərə görə, Ermənistan Hindistandan Kalyani Strategic Systems tərəfindən hazırlanmış 155 millimetr/39 MARG özüyeriyən haubitsa sifariş edib.
Kalyani Group rəsmiləri haubitsa sisteminin Hindistan şirkəti tərəfindən 8 ay ərzində hazırlandığını və Hindistanın Balasor və Pokran bölgələrində sınaqdan keçirildiyini açıqlayıb. Qeyd olunub ki, sözügedən haubitsa sisteminin Ermənistan hakimiyyəti ilə 40 günlük sınaqdan sonra onun Ermənistan Silahlı Qüvvələrinin standartlarına uyğun olduğu müəyyən edilib və bununla bağlı müqavilə imzalanıb. Bildirilib ki, haubitsalar xüsusilə dağlıq bölgələrdə istifadə üçün nəzərdə tutulub.
Qeyd edək ki, Ermənistan 2022-ci ilin sentyabrında Hindistandan təxminən 245 milyon dollar dəyərində ağır silahlar sifariş edib. Sözügedən sifariş Hindistan ordusunda da istifadə olunan yerli çoxlüləli “Pinaka” reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər və sursatlardan ibarətdir.
Murad Həsənov / aktualtv.az










