ABŞ-nin CNN telekanalı Ukrayna müharibəsi ilə bağlı diqqəti cəlbedən xəbərə imza atıb.
Aktualtv.az xəbər verir ki, adı açıqlanmayan mənbələrin xəbərinə görə, Rusiya Ukraynada ələ keçirdiyi Amerika silahlarını İrana göndərir. ABŞ administrasiyası və NATO-nun Ukraynaya dəstək məqsədi ilə silah yardımı etdiyini xatırladan hesabatda, bu silahların bir hissəsinin Rusiya ordusu tərəfindən ələ keçirildiyi qeyd edilib. Vaşinqton administrasiyası bu silahların bir hissəsinin Rusiya tərəfindən İrana göndərildiyi qənaətindədir.
CNN-ə danışan mənbələr bildirirlər ki, təkmilləşdirilmiş silahlar, xüsusilə də “Javelin” və “Stinger” İran tərəfindən tədqiq edilib və təkrar istehsal edilməyə çalışılıb. İranın “Javelin” tank əleyhinə və “Stinger” hava hücumundan müdafiə silahlarını kopyalaya bilib-bilmədiyi məlum deyil. Lakin məlumdur ki, Tehran administrasiyası əvvəllər də eyni şəkildə Amerika silahlarını kopyalayıb və bu məsələdə təcrübəlidir.
Ancaq Rusiyanın müharibədə ona silah göndərən İranın bu dəstəyini itirməməsi üçün ələ keçirdiyi silahları bu ölkəyə göndərməyə davam edəcəyi təxmin edilir.
Murad Həsənov / aktualtv.az










