Qara dəniz taxıl sazişinin müddəti ilə bağlı müqavilədə iştirak edən ölkələr arasında fikir ayrılığı yaranıb. Rusiya və Ukrayna rəsmiləri sazişin vaxtı ilə bağlı fərqli rəqəmlər açıqlayıb.
Aktualtv.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sazişin 60 gün müddətinə uzadıldığını bildirib. Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov isə tviter hesabında qeyd edib ki, Kiyev taxıl sazişinin müddətinin daha 120 gün uzadılması ilə əlaqədar Türkiyə və BMT ilə razılıq əldə edib.
BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik isə ümumiyyətlə sazişin hansı müddətə uzadıldığı barədə məlumatının olmadığını deyib. Bildirib ki, bu saziş ərzağın dünya qiymətlərini aşağı salmağa və bazarları sabitləşdirməyə kömək edib. Sazişin icrası zamanı 25 milyon ton taxıl və ərzaq daşınıb.Qeyd edək ki, taxıl sazişinin müddəti martın 18-də başa çatıb.
Etibar Məmmədov / aktualtv.az










