20 yaşlı CASCFEN

Nadir Azəri: Yeni dönəmə yeni strategiya və fəaliyyət planı ilə daxil oluruq

“20 mart tarixi Azərbaycanda Novruz bayramının ilk günü qeyd olunacaq. “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin üzvləri üçün isə bu gün ikiqat bayramdır. Çünki bu gün bizim də 20 yaşımız olur. Mən fürsətdən istifadə edib CASCFEN-nin üzvlərini həm Novruz bayramı, həm də 20 illik yubileyimiz münasibətilə təbrik edirəm”.
Bunu CASCFEN-in sədri, Əməkdar Jurnalist Nadir Azəri deyib.
Onun sözlərinə görə, CASCFEN fəaliyyət göstərdiyi 20 il ərzində Azərbaycanda, ümumilikdə isə Orta Asiya və Güney Qafqaz ölkələrində söz azadlığı mədəniyyətinin inkişafına yardım istiqamətində həyata keçirilən işlərdə ön sıralarda olub.
N.Azəri deyib ki, hər zaman Azərbaycan dövlətinin və xalqının maraqlarını öndə tutan CASCFEN 2003-cü ilin 18-20 mart günlərində Bakı şəhərində keçirilən regional konfransın sonunda təsis edilib: “Təşkilatın təşəbbüsçüsü və qurucusu həmin dövrdə Azərbaycan Jurnalistlər Konfederasiyasının baş katibi və Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin direktoru Azər Həsrət olub. Təsis konfransında Azərbaycandan bu iki təşkilatla yanaşı Gürcüstan Jurnalistlərinin Müstəqil Assosiasiyası, Qırğızıstandan “Jurnalistlər” İctimai Birliyi, Özbəkistandan “Ozod Ovoz” Təşkilatı, həmçinin Söz və İfadə Azadlığı Komitəsi, Tacikistandan Tacikistan Müstəqil KİV-lərinin Milli Assosiasiyası iştirak edib. Sonuncu təşkilatın təmsilçisi üzrlü səbəbdən toplantıya qatıla bilməsə də CASCFEN-in qurucusu kimi öz razılığını bildirib. CASCFEN sonrakı bir il ərzində adı çəkilən coğrafiyanın ən fəal təşkilatlarından birinə çevrilməklə beynəlxalq qurumların diqqətini də cəlb edə bilib. Bunun nəticəsi olaraq 2004-cü ilin may ayında Beynəlxalq Mətbuat İnstitutu təşkilatımızı həmin ilin “Azad Media Öncülü” mükafatına layiq görüb. Həmin mükafat BMİ-nin Varşavada (Polşa) keçirilən illik toplantısında qurumun rəhbəri A.Həsrətə təqdim edilib”.
N.Azərinin sözlərinə görə CASCFEN, öz fəaliyyəti dövründə geniş beynəlxalq əlaqələrini də təşkil edib: “Həmin müddət ərzində təşkilat UNESCO, ATƏT, Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu, Jurnalistləri Müdafiə Komitəsi və s. kimi beynəlxalq qurumlarla da əməkdaşlıq edib. Onu da deyim ki, CASCFEN-in işinin daha səmərəli qurulması üçün onun yenidən təsis edilməsi qərara alınıb və o, Azərbaycan qanunlarına uyğun olaraq 7 iyun 2012-ci il tarixində rəsmən təsis edilib. Bundan sonra təşkilat 29 iyun 2012-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb. CASCFEN Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli QHT Forumunun üzvüdür. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə yaxından əməkdaşlıq edirik. Eyni zamanda o, iki beynəlxalq qurumun – Etik Jurnalistika Şəbəkəsi və Medianın İnkişafı Qlobal Forumunun da üzvüdür. 2003-cü ildən 2017-ci ilə kimi CASCFEN-ə Azər Həsrət sədrlik edib. Lakin o, 2017-ci ildə sədrlikdən könüllü olaraq istefa verib. Bundan sonra yeni İdarə Heyəti və yeni sədr seçilib. İdarə Heyətimizin üzvləri Azərbaycan mediasının və cəmiyyətinin tanınmış şəxsləridir”.
N.Azəri deyib ki, CASCFEN yenidən təsis ediləndən sonra müxtəlif istiqamətləri əhatə edən layihələr reallaşdırıb: “Yeni dönəmə isə yeni strategiya və fəaliyyət planı ilə daxil oluruq. Xüsusilə də gənc könüllülərin təşkilatın sıralarına cəlb edilməsi, onların müxtəlif beynəlxalq tədbirlərdə iştirak üçün hazırlanması, o cümlədən müxtəlif yerli və xarici təşkilatlarla əməkdaşlıq haqqında sənədlərin imzalanması istiqamətində atacağımız addımlar var”.
Təşkilatın 20 illik yubileyinin nə zaman qeyd olunacağına gəlincə, N.Azəri, “əslində, biz CASCFEN-ə layiq bir yubiley tədbiri keçirməyi düşünürdük. Hətta 20 illik yubileyimizin Novruz bayramının ilk gününə təsadüf etdiyini nəzərə alaraq uzaq-yaxın dostlarımızı da yubiley tədbirimizə dəvət etməyi planlaşdırırdıq. Lakin qardaş ölkədə fevraın 6-da baş verən dəhşətli zəlzələdən sonra təmtəraqlı yubiley məclisi keçirməkdən vaz keçdik. Bununla belə inşallah Novruzdan sonra ya Mətbuat Şurasında, ya da QHT-lərə Dövlət Dəstəyi Agentliyində kiçik bir formatda da olsa 20 yaşımız qeyd etməyi düşünürük” deyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]