BMT Təhlükəsizlik Şurası “Şimal axını”nda təxribatla bağlı beynəlxalq araşdırmaya dair Rusiya-Çin qətnaməsini dəstəkləməyib.
Aktualtv.az xəbər verir ki, qətnaməni üç ölkə dəstəkləyib, əleyhinə səs verən olmayıb, 12 ölkə bitərəf qalıb. Rusiya, Çin və Braziliya layihənin lehinə səs verib, Albaniya, Böyük Britaniya, Qabon, Qana, Malta, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Fransa, İsveçrə, Ekvador, Yaponiya bitərəf qalıb. Qətnaməni Belarus, Venesuela, Şimali Koreya, Nikaraqua, Suriya və Eritreya da dəstəkləyib. Lakin onlar BMT Təhlükəsizlik Şurasının üzvü olmadığı üçün səsvermədə iştirak etməyiblər.
Qeyd edək ki, sentyabrın 26-da “Nord Stream AG” şirkəti Şimal Axını-1 və Şimal Axını-2 qaz kəmərlərində əsaslı dağıntıların baş verdiyinə dair məlumat yayıb. Dağıntı və sızmalara səbəb olan partlayışlar təxmini olaraq eyni anda İsveç və Danimarkanın sahil sularında, Baltik dənizinin dibindən keçən 4 fərdi qaz borusunda baş verib.
Etibar Məmmədov / aktualtv.az










