Monteneqroda keçirilən prezident seçkilərinin ikinci turunda sabiq iqtisadiyyat naziri, Avropa Hərəkatının rəhbəri Yakov Milatoviç seçicilərin 60 faizinin səsini toplayaraq qalib olub.
Aktualtv.az xəbər verir ki, Monteneqronun hazırkı Prezidenti Milo Cukanoviçin səs nisbəti isə 40 faiz təşkil edib. Müşahidə və Tədqiqat Mərkəzinin (CEMI) açıqladığı nəticələrə görə, seçkidə seçici fəallığı isə 70,5 faiz olub. 37 yaşlı Yakov Milatoviç seçki kampaniyasında ölkədə həyat səviyyəsinin yüksəldilməsinin və Avropa İttifaqı ilə münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Prezident Cukanoviç mətbuata verdiyi açıqlamada, “Prezident seçkiləri sona çatdı, nəticə bəllidir. Yakov Milatoviçi aldığı səslərə görə təbrik edirəm. Ümid edirəm ki, o, uğurlu bir prezident olacaq, çünki onun uğuru Monteneqronun da uğurlu ölkə ölkə olacağı mənasını daşıyır” deyib.
Cukanoviç ona səs verən seçicilərə təşəkkür edib və seçkinin rahat və demokratik şəraitdə keçməsindən məmnunluğunu ifadə edib.
Murad Həsənov / aktualtv.az










