ABŞ Dövlət Departamenti təyyarələr üçün Link-16 taktiki məlumat bağlantısı modernləşdirmə dəstlərinin Türkiyəyə satışını təsdiqlədiyi barədə Konqresə məlumat verib.
Aktualtv.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, ölkənin rəsmi hərbi satışları barədə Konqresə məlumat verən Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyi hələ bir açıqlama verməyib. Konqresin 15 iş günü ərzində NATO üzvlərinə, o cümlədən alyansın 70 ildən çox üzvü olan Türkiyəyə verilən satış icazələri ilə bağlı Dövlət Departamentinin qərarına etiraz etmək hüququ var.
Qeyd edək ki, Link-16, NATO və müttəfiq ölkələr tərəfindən istifadə edilən, taktiki məlumat bağlantısı kimi tanınan hərbi radio şəbəkəsidir. O, təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları, gəmilər və quru qoşunları arasında taktiki məlumat mübadiləsini təmin edir. Ankara və Vaşinqton keçən il 40 yeni F-16 təyyarəsi və 79 modernləşdirmə dəstinin satışı ilə bağlı danışıqlar aparıb və hazırda proses Konqresin təsdiqini gözləyir.
Büllur Məmmədova / aktualtv.az










