Suriya rejiminin başçısı Bəşər Əsədin ailə üzvləri və narkotik ticarətinə görə məsuliyyət daşıyanlar da daxil olmaqla, 25 yeni şəxs və səkkiz qurum Avropa İttifaqının Suriyaya qarşı yenilənən sanksiya siyahısına əlavə edilib.
Aktualtv.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının bəyanatında deyilir ki, ittifaqın xarici işlər nazirləri bunu təsdiqləyiblər. Yeni əlavə edilənlərin əksəriyyəti amfetamin əsaslı Captagon dərmanının istehsalına və ticarətinə görə sanksiyaya məruz qalıb. Yeniləmə ilə blok 322 nəfərə aktivlərin dondurulması və səyahət qadağası sanksiyaları tətbiq edib və daha 82 qurum maliyyə xidmətləri qadağası ilə üzləşib.
Qeyd edək ki, 2011-ci ildən bəri Suriya münaqişəsi 400 mindən çox insanın həyatına son qoyub, 6,6 milyon suriyalı ölkəni tərk edib, daha 6,8 milyon insan isə ölkədə məcburi köçkün kimi yaşayır.
Büllur Məmmədova / aktualtv.az










